“Yeraltı keçidlər həm şəhərin görünüşünü korlamır, həm də daha təhlükəsizdir”

Bakıda piyadaların yolun bir tərəfindən digər tərəfinə rahat keçməsi üçün yeraltı və yerüstü piyada keçidləri mövcuddur. Lakin biz bu keçidlərə nəzər salsaq onların hər birinin fərqli dizaynda olduğunu görərik. Xüsusən də yerüstü keçidlərin fərqli formalarda qurulması şəhərin arxitektur görkəmini korlayır. İnsanların əksəriyyəti isə yerüstü keçidlərdən daha çox yeraltı keçidlərə üstünlük verir. Bəs niyə əhali yerüstü keçidlərə üz tutmur?

İndex.az məsələ ilə bağlı ekspert Eldəniz Cəfərovla əlaqə saxladı.

Ekspert İndex.az-a bildirdi ki, bu psixoloji məsələdir:

“Avtomobillərin intensiv hərəkət etdiyi yollarda yerüstü və yeraltı keçidlər olmalıdır. Bakının özündə belə sürətli yollarımız var. Məsələn Heydər Əliyev prospekti. Həmin yolda keçid olmasa qarşıdan-qarşıya keçmək mümkünsüzdür. Ümumilikdə mən özüm də yeraltı keçidlərin tərəfdarıyam. Çünki belə keçidlər həm şəhərin görünüşünü korlamır, həm də daha təhlükəsizdir. Sadəcə olaraq keçidlər tikilərkən əlilliyi olan insanların əlil arabasında keçidə rahat düşə bilməsi üçün pilləkənlərdə düzəldilmiş yolların doğru bucaqda qurulması və qocaların istifadə edə bilməsi üçün eskalatorların olması mütləqdir. Yerüstü keçidləri mən də bəyənmirəm. Onların əksəriyyəti fərqli formalardadır. Bu isə şəhərin görünüşünü korlayır. Bununla yanaşı, belə keçidlər tikilərkən iqlim nəzərə alınmalıdır. Biz bilirik ki, Bakı küləklər şəhəridir. Qışda isə çovğun və boran hər zaman olur. Buna görə də, yerüstü keçidlər şəhərimiz üçün çox da əlverişli deyil. Əhalinin əksəriyyətinin yeraltı keçidlərə üstünlük verməsinin səbəbi həm də psixoloji bir durumdur. Öncəliklə insanlar ilk baxışda pilləkənlə qalxmaqdansa pilləkən ilə düşməyi daha üstün bilirlər. Çünki bu onlara daha rahat gəlir. Əlavə olaraq isə bəzi insanlarda hündürlük qorxusu və bunun kimi fobiyalar ola bilər. Hər şeydən öncə yeraltı keçidlər insanlara daha təhlükəsiz gəlir. Lakin hər halda belə böyük və sürətli yolların olduğu şəhərdə istər yeraltı, istər yerüstü keçidlərin olması yaxşı bir haldır”.