“Petkim” STAR neft emalı zavodunun 12%-lik payını alıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksi STAR neft emalı zavodunun 12%-lik payının alınmasını yekunlaşdırıb.

İndex.az xəbər verir ki, bu barədə Türkiyənin Kamu Aydınlatma Platformasına istinadən məlumat verib.

Məlumata görə, bununla da “Petkim” 12% payla STAR neft emalı zavodunun dolayı səhmdarı olub.

KAP-ın açıqlamasına əsasən, “Petkim”in 2018-ci ildə səhm alışı üzrə elan etdiyi mühüm sövdələşmə oktyabrın 2-də bütün şərtlərə riayət etməklə başa çatıb: “Səhm alışı üzrə sövdələşmə sayəsində “Petkim” dolayı yolla “STAR Rafineri A.Ş.”də 12%-lik pay sahibi olub. Sövdələşmənin məbləği 480 milyon ABŞ dolları təşkil edib”.

Qeyd edilir ki, bu sövdələşmə bu ilin 4-cü rübündən başlayaraq “Petkim”in birləşdirilmiş maliyyə hesabatlarına təsir göstərəcək.

“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

2018-ci il oktyabrın 19-da İzmir şəhərində “SOCAR Turkiye Aegean Refinery” neft emalı zavodunun açılış mərasimi keçirilib.