Nizami dövrünün numizmatik materialları- ELMİ ARAŞDIRMA

Qənirə Pirquliyeva -Tarix üzrə fəlsəfə doktoru, dosent, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu Elmi mədəni mərkəzin baş elmi işçisi

Açar sözlər: dinar və dirhəm “Xəmsə”də, pulun və sözün dəyəri, intibah və Azərbaycan ədəbiyyatı

Резюме

В XII веке в старом континенте – Евраазии происходили коренные изменения в товаро-денежных отношениях между странами, в том числе в деле денежного обращения, чеканки монет и монетном деле в контексте общекультурных процессах. Так, впервые в истории Восточных стран произошло такой феноменальный процесс как «серебряный кризис», в результате чего в истории мусульманских стран впервые появляются такие понятия как «кредитные деньги», ценные бумаги, в том числе документы, связанные с долгами между торговцами и т. д., которые позволили торговым отношениям дойти в очень далекие страны без участия самих производителей и торговцев.

Появившиеся в конце X века в странах Центральной Азии этот уникальный процесс не являлся упадком производительных сил, а наоборот наивысший расцвет восточных стран в пределах Халифата, а также результат мирового экономического кризиса, который впервые появился в этой территории в III веке до н.э., и заново повторялся в указанных столетиях уже большей степени показавшиеся в городских культурах. Именно в пределах указанных столетиях, как во всей территориях Халифата, так и его окраине-в Азербайджане в товаро-денежных отношения возникают абсолютно новые денежные номиналы, которые за краткое время получают степень мировых денежных валют.

Giriş. XII əsr köhnə qitədə-Avrasiyada fenomenal tarixi, mədəni hadisələrin baş verdiyi dönəmdə numizmatik materiallar, sikkə və sikkə işi, pul dövriyyəsi və əmtəə-pul münasibətlərində görünməmiş dəyişikliklər izlənillir. Belə ki, Şərq ölkələrinin tarixində ilk dəfə “gümüş böhranı”adlı prosesin gedişində insanlar müsəlman ölkələrinin və xalqlarının tarixində ilk dəfə kredit – borc anlayışının sikkələr üzərində ifadəsi ilə, həmçinin qiymətli kağızlar, o cümlədən qaimə, pulların hərəkəti baş vermədən əmtəələrin mübadiləsi vasitəsi ilə ödənişlərin uzaq məsafələrə köçürülməsi kimi maraqlı hadisələrin şahidi , iştirakçısı olmuşlar.

X yüzilliyin ikinci yarısında Mərkəzi Asiya ərazisində yaranan bu böhran əslində iqtisadi çatışmazlıq, gümüş mədənlərinin işlək mexanizminin dayanması deyil, əksinə e.ə. III əsrdən sonra ikinci dəfə göstərilən coğrafiyada ümumilikdə intibahın ilk rüşeymlərinin”cücərtisi” olaraq, dünyanın mədəni inkişafını görünməmiş bir həddə qədər çatdırmışdı. Məhz bu yüziilklər daxilində Şərqin bir məkanı olan, islamın uc nöqtələrində yerləşən indiki Azərbaycan diyarında əmtəə-pul münasibətləri fərqli bir şəkildə sikkələr dövriyyəyə buraxmağa başlamışdı. Bu sikkə nominalları qısa zamanda nəinki bütün Xilafətdə, həmçinin ilk dəfə Avropanın şimalına qədər ticarət münasibətlərində dünya valyutası statusu almışlar.

Nizami dövrünün numizmatik materialları- ELMİ ARAŞDIRMA

N.Gəncəvinin iqtisadi ideyaları onun Azərbaycan iqtisadi fikrinin inkişafında tutduğu yer xüsusi və geniş tədqiqat obyekti olmamışdır. Lakin bu mövzuda ilk təşəbbüsü unudulmaz görkəmli iqtisadçı alimimiz, respublikada mühasibat və təhlil nəzəriyyəsinin əsasını yaradan mərhum prof. Ə.Q.Fərəcovun 50-ci illərdə yazdığı bir neçə məqalə və 1956-cı ildə nəşr olunmuş “Nizaminin iqtisadi görüşləri haqqında”kı 50 səhifəlik kitabçası vardır [Fərəcov 1956: 1-50]. Görkəmli alimimiz Ə.Fərəcovun dahi mütəfəkkir şairimiz N.Gəncəvinin iqtisadi görüşləri haqqındakı ilk təşəbbüsü təqdirəlayiqdir və Azərbaycan iqtisadi fikir tarixinin yazılması və öyrənilməsi üçün də əhəmiyyətlidir. Bunu da qeyd etməliyik ki, Ə.Fərəcovun əsərində N.Gəncəvinin iqtisadi görüşlərinin yalnız bir qismi işıqlandırılmış, onun iqtisadi hadisələr və proseslər haqqındakı elmi ideyaları tam əhatə olunmamışdır. Həmin kitabçada istər-istəməz dahi Nizamiyə və onun iqtisadi ideyalarına yalnız marksizm-leninizm metodologiyası baxımdan yanaşılmışdır.

Araşdırmanın əvvəlində xüsusi olaraq qeyd etmək lazımdır ki, Şərqin böyük şairi, filosofu, dinşünası, ilahiyyatçısı olan Şeyx titullu Nizami Gəncəvinin bizə məlum olan əsərlərindəki sikkə və sikkə işi haqqında elmdə ayrıca həyata keçirilən xüsusi bir əsər məlum deyildir. Şairin qısa təsvirini verdiyimiz bir ziddiyyətli dönəmdə yaşaması, insanların pula, mala, xəzinələrə olan hərisliyi görünür dünyanın Azərbaycanda yetişdirdiyi bu insanı da təsirsiz buraxmamış ki, “Beşlik”də bu əyardan yüksək, çəkidən aşağı olan “günəşəbənzər” metallardan elə insanın özü tərəfindən kəşf edilib və dünyanı böyük bəlaya düçar edən sikkələrin varidat həvəskarları barədə, ümumiyyətlə pul və pulun dəyər vahidi kimi nələrə qadir olduğunu özünəməxsus olan utopist, tərki dünya, sufi dərvişi, şeriyyatda ayrı bir təriqat yaradan mükəmməl dahi bir insan kimi xüsusi yer ayırmışdı.

“Umacağım, qazancım şərəf‐şandır dünyada” yazan Nizaminin insanın dəyərinin qiyməti haqqında söylədikləri görünür, həmin dövrün “mizan tərəzisiznin”əsil nəticəsi, Haqqın, Ədalətin ona yazmış olduğu qismətin, həmçinin sonuncu monoteizm dini olan islamda varlıqların əşrəfi olan insanın əsil qazancının və mahiyyətinin kökü barədə olan ən demokratik qərarı olmuşdur. Qazancı halallıqla insanlardan əldə etdiyi və hamıdan, o cümlədən bizi yaradandan umduğu şərəf və şan olmuşdu.

Beləliklə, Böyük Şairimiz Nizami Gəncəvi əsərlərində yer vermiş olduğu mühüm tarixi əhəhmiyyət kəsb edən məsələlərdən biri də pulla əlaqədar olaraq, qədim dünyanın ən zəngin şəhərləri barədə olan şer parçalarıdır,

Gəncəm – Babilim mənim Harutu yandırmada,
Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada.
Zöhrəm söz dəyərini Mizan bürcündə ölçür,
Dilim – ruh aləminin lisanıdır, gözüdür.
Duz-çörəyim bilirəm öz cadugər şerimi,
Halal sehrim sındırır Harutun hər sehrini.
Ürəyinin şəklidir Nizaminin sözləri,
Mənim halal sehrimlə daim canlı, dipdiri!

[Nizami Gəncəvi, “Sirlər Xəzinəsi”, 2004: 64]

Dünya numizmatika elmində ilk ticarət koloniyasının yaradıldığı yerlərdən biri və bu günə olan arxeoloji araşdırmalara görə birincisi dünyanın ən zəngin dövlətlərindən olan babil tərəfindən indiki Türkiyə ərazisində, daha dəqiq Aralıq dənizinin şərq sahilində yaradılan Kaniş şəhəri olmuşdu. Bu proses e.ə. I minilliyə aid olmuşdur [Pirquliyeva, 2019: 8-9]. Şair bu sətirlərdə babili öz döğma şəhəri Gəncə ilə müqayisə edərək, zənginliyi ilə babilin harutu yandırması ilə müqayisə edir. Adıçəkilən harut obrazı babilin zənginləşdiyi və dövlətdə yalnız pulun əsas söz sahibi olduğu bir zamanda Allahın oranın insanlarını düz yola çəkmək üçün ora göndərdiyi iki mələkdən-harut və Marutdan biridir. Bu mələk adları zərdüştlük dinindən islama qədər gəlib çatmış mifloji obrazlardır. Bu şerdə Nizaminin belə bir uğurlu müqayisəsi əslində onun həqiqətən islam dininin çox gözəl bilməsi ilə yanaşı həm də bəşəriyyətin qədim tarixini, o cümlədən tarixdə məhz zənginləşdikdən sonra məhv edilən bəzi xalqlar və dövlətlər barədə çox bilgilərinin olmasıdır. Belə ki, böyük şair başqa bir yerdə xüsusi olaraq yazır ki, Bərdədə var idi bir əlyazması.

O ölкənin qədim tarixlərindən
Bu dastanı tamam öyrənmişəm mən.
O yerdə yaşayan qoca adamlar
Təşviq etdi, işə mən verdim qərar.
Ağıl bu dastanı bəyənsin gərəк,
Sözləri şirindir, məzmunu gerçəк.
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşiкar:
Şəbdiz atın şəкli, Bisütun dağı

[Nizami Gəncəvi, “Xosrov və Şirin”, 2004: 90-91]

Burada söhbət “Xosrov və Şirin” əsərinin yazılma tarixindən getsə də, bu günkü elm sübut edir ki, bu əsər ehtimal ki, orta pars dilində yazılmış və sasanilərə aid olan bir əlyazma olmuşdur. Yeri gəlmişkən ayrıca qeyd etmək lazımdır ki, bu əlifba qədim türk -parfiya əlifbasının cüzi oxşarlığı əsasında yaradılmışdı. Hər iki əlifba və dil aramey-yaxud da arami dilinə əsaslanmışdı.Bu barədə Nizami başqa bir yerdə xüsusi qeyd edir.

“İrəm “Arami-dil” söyləyir ona”
[Nizami Gəncəvi, “Yeddi gözəl”, 2004: 138]
Aləm axıb üstünə, qızıl sayan hardadır?
Bazar kasad bazardır, qiymət qoyan hardadır?
Boğazımı gör necə düyünləyibdi Gəncə,
Yoxsa, İraq xəznəsi mənim olardı, məncə.
Aləm deyir: “Övladsan sən dünyaya, Nizami,
Sığışmazsan Gəncədə gen dünyaya, Nizami”. [Nizami Gəncəvi, “Sirlər xəzinəsi”, 2004, 113-114]

Böyük mütəffəkir alim olan Nizami özünün söz dünyasına yaşadığı dövrdə qiymət verilmədikdə, şerlərindəki fikirləri, yəqin ki, hər misrasını bir qəzəla bərabər tutaraq, söz bazarında alış verişin kasıb olduğunu nəzərdə tutaraq, belə bir maraqlı fikir yazmışdı. Nizmainin yaşadığı dövrə aid olan və ölkəmizdən aşkar edilən sikkə dəfinələri doğrudan da numizmatlarda zaman zaman belə bir sual yaradır ki, niyə axı Şərqin intibahı dövrü olduğuna baxmayaraq, bizlər məsələn Şirvanşahlarin, Atabəylərin, Səlcuq sultanlarının qızıl dirhəmlərini çox az rast gəlirik. Əslində qiymətli qızıldan olan dinarların az sayda zərb edilməsi, onların dövriyyədə demək olar olmaması artıq iqtisadi böhranın başlanğıcı demək idi. Şairin öz söz mülkünün alıcılarının əlində qızılın olmaması səbəbindən qızıl saymamaları fikri həmin dövrdə sözün belə bir əmtəə kimi dəyərdən düşdüyünü göstərən dəqiq bir fikirdir.

Xilafətin dünya ticarət münasibətlərinə 1000 ildən artıq bəxş etdiyi ikinci dəyər vahidi gümüş dirhəmlər olmuşdu. Əslində Əməvilər sülaləsinin sonuncu hökmdarlarından olan Əbdül Məlik Mərvan və Həccacın birgə layihəsi olan islahatlar sisteminin önəmli hissəsi olan pul vahidlərinin adları qədim yunanlardan sasanilərə qədər gəlib şatmış və milyonlarla xalqların 695-705-ci ilə qədərki vaxtda bütün Avrasiyada qəbul edilən, uğrunda mübarizə aparılan dinar-yunanların e.ə. İcad etdukləri denariy, dirhəm-draxma və misdən zərb edilən follis-fulus sözləri ərəb dilinin qrammatikasına və əlifbasına uyğun olaraq dəyiıdirilərək dinar, dirhəm və fels kimi dövriyyəyə buraxılarkən metal növləri yəni qızıl, gümüş və mis yerində saxlanılmış, dəyişən ikinci məqam bu dəyər vahidlərinin çəki nisbətləri olmuşdu. Bu səbədən də görünür Nizami öz əsərlərində əsasən birinci iki sikkə növünə -dinar və dirhəmə əsas yer vermişdi.

Zöhrətək çəkiyə qoyaram dirhəm
Bəxşişə nə çəki, seltək tökərəm.
Dərdliyə gülmərəm şimşək kimi mən,
Canıma od düşər öz şimşəyimdən.
Tikana gül kimi saçaram ətir,
Hər yara ney kimi məni inlədir.
Ürəyim odmudur, nədir ki, yamr,
Tikanı yedikcə hey alovlanır.
Mənəm dərya kimi hər eybi yuyan,
Deyiləm güzgütək göstərən nöqsan.
Elə mal verərəm istəyən şəxsə,
Zəhmətə düşməyim geri verərsə.
[Nizami Gəncəvi, “İsgəndərnamə”, 2004: 41]

Şerdə gümüş dirhəmi Zöhrə ulduzuna bənzətmiş və əslində bununla oxucularına , o cümlədən bizlərə Zöhrə ulduzunun daima günəşin yanında olmasını və birinci səhər açılanda ulduzlar kəhkəşanında parıldamasını bildirmişdi. Bu bəlkə də gümüşdən olan orta əsr dirhəmlərinə verilən ən böyük qiymətdir. Belə ki, səfəvilər və əfşarlar dönəmində etnik Azərbaycan ərazisində zərb edilən artıq gümüş dirhəmlər Aya oxşadılır [Rəcəbli, 2014; 45-48]. Zöhrə ulduzundan Aya keçmə dirhəmlərin dəyərdən düşməsi anlamına gələn maraqlı fikirdir ki, sonrakı dövrdə başqa cür iki sətirlik şerlərlə sikkələrdə zərb edilmişdi. Burada dirhəmin Zöhrə ulduzu ilə müqayisəsinin digər bir izahə yenə də qədim təkallahlılıq dinlərində adları çəkilən harut və marut mələklərinin son taleyi yaxud da Allahın onları cəzalandırması ilə bağlı olan bir əfsanədə vardır. Belə ki, Allah insanların mala pula görə onun yolundan azdıqlarını görüb bu iki məlkədən soruşur ki, siz nə edədiniz bu qədər cəh cəlal əldə etsəydiniz. Onlar bu cür davranmayacaqlarını deyirlər. Allah yenidən onlara mən sizə hərislik, tamah hissi bəxş etməmişəm. Amma yoxlamaq üçün insana xas olan bu hissləri onlara bəxş edir və yerə insanların yanına göndərir. Elə ilk endikləri zaman bir gözəl qadınla tanış olurlar və qadın onları düz yoldan çıxarsa da onun əvəzinə Allaha dua etmələrini istəyir. Nəticədə Allahın dərgahına qəbul edilən bu qadın Zöhrə ulduzunda yüksək bir məqamda yerləşdirilir. Bununla da,şair insanları öz baxışları ilə insanlara elə əmtələr satmağı, yaxud da borca pul verməyi münasib bilir ki, geri qaytaranda əziyyət çəkməsinlər. Bu o qədər ədalətli bir əmtəə pul münasibətidir ki, bəşəriyyət hələ də ona can atır, amma tam olaraq çatmayıbdır.

Bir dirhəm verənə inci ataram,
Dikbaşlıq edənə qümr sataram.
[Nizami Gəncəvi, “İsgəndərnamə”, 2004: 42]

Bu iki sətirlik şerdə gələcək nəsillərə şair dirhəmin bir inciyə bərabər olduğu barədə metroloji fikir çatdırmış bizlərə. Numzimatika elmində istifadə edilən ən mürəkkəb metodlardan biri olan metrologiya-sikkələrin istifadə edildiyi zamanda hansı əmtəələrin dəyərinin neçəyə olmasını təyin etmə barədə olan kifayət qədər ziddiyyətli bir sahədir. Əslində bu sətirləri ədəbiyyatçılar dirhəmin alıcılıq qabiliyyətinə həm də dəyərli sözün daxil olduğu fikirləri yazırlar. Amma bizlər-numizmatlar üçün dirhəm-inci düsturunun ayrı bir anlamı var. Belə ki, dirhəmlərin zərbinə qədər dünya pul tarixində inci qədər dəyərli olan okeanların dibindən-konkret sakit və hind okeanından hələ üst palelitdən bizə məlum olamayan yollarla insanlar tərəfindən üzə çıxarılan kauri balıqqulağından sözhbət gedir. Şərq ölkələrində inci kimi adlandırlan bu dəyərli, canlı mirvari tipli dəyər vahidi 2 milyon ildən çox insanlara xidmət edən ən dəyərli mübadilə vasitəsi olaraq, antropogenezin yarandığı bütün ərazilərdə istifadə edilmişdi.Sonrakı pulun kəşf edildiyi vaxtdan günümüzə qədər də bu balıqqulağından hazırlanan dəyərli aksessuarlar hələ də dəbdə olan məmulatlardan sayılır. İkinci sətirdə şair dikbaşlıq edənə gümr sata biləcəyini yazır. Bu sətirin əsas fikri ümumiyyətlə bütün bəşəriyyətin şüuraltı psixologiyasında mövcud olan əsas fikirlərdən biri olan- dəyərin düzgün verildiyində keyfiyyətli mal, əksinə dələduzları, quldurları şirnikləşdirib, aldadadarq aşağı keyfiyyətli, çox tez sıradan çıxan, amma oxşar olan malın , yəni guya ki, dəyərli pulu göstərin əslində heç nəyi satılmasını nəzərdə tutur. Böyük Nizami insan həyatının dəyərinin bu qədər həm dirhəm kimi dəyərli inci qədər, həm də dirhəm, dinar hərislərinə “gümr”- hərfi tərcümədə fars dilindən itən, itkiyə gedən mənasını daşıyan kəlmədən istifadə etmiş, bununla da əslində hər şeyin, o cümlədən dirhəmin də vaxtı gələndə sıradan çıxacağını, dövriyyədə olmayacağını, itkiyə gedəcəyini yazır.

Sərmayəsizlərdən almadı dirhəm.
Zər saçdı hər yeri abad edərək,
Qırdı tikanlan, əkdi gül-çiçək.
Ələnə keçirdi bütün dünyanı,
Ətri tutdu Misri, Həbəşistanı,
iki açıq əli günəşə bənzər.
[Nizami Gəncəvi, “İskəndərnamə”, 2004: 74]

“Xəmsə”nin sonuncu əsəri olan “İsgəndərnamə”də adil hökmdarların şəhərsalama işlərini izah edən şair ayrı bir sinif olan kapitalı, yığımı, sərmayəsi olamayan insanlardan bu işlərdə bir dirhəm də yığmadan yerinə yetirməyin əslində mexanizmini izah edir. Bundan başqa, orta əsrlərdə vergi sistemində ola biləcək ədalətli prinsiplərin həyata keçirilməsi yollarını belə bir misalla göstərən alim şair iqtisadiyyatın mühüm hissəsi olan büdcənin bəzi zamanlarda toplanmasında daha düzgün qərarların verilməsini məsləhət görür. Şərqin orta əsrlər tarxində bu cür qərarların bəzi zamanlarda ayrı-ayrı hökmdarlar tərəfindən qəbul edildiyi elmə məlumdur. Bu qəbildən elxani hökmdarı Olcaytu sultanın, səfəvi hökmdarlarından şah I Təhmasibin, Şah I Abbasın hakimiyyəti zamanı müharibələrdə xalqın qəhrəmanlığına görə bəzi şəhərlərin əhalisinin bəzi vergilərdən bir müddət azad edilməsi barədə epiqrafik abidələrdə məlumatlar vardı. Nizaminin yaşayıb yaratdığı illərə aid olan epiqrafik abidələrdən elmdə, ən azından Azərbaycan coğrafiyasında məlumat olmasa da, ehtimal ki, əlyazmalarda saray münşiləri, məddah şairlər qulluq etdikləri hökmdarları tərifləyərkən bu cür yalanlardan istifadə etmişlər.

Qoyma bir dirhəmi dirhəm üstünə.
Elə bil bir nəhəng bizə yan almış,
Yemədiklərim əlinə salmış.
Qamn da yığmışdı böyük bir sərvət,
Bax, necə torpağa girdi nəhayət.
Qızıldan bir saray tikdirdi Şəddad,
Ölərkən almadı qəsrindən murad.
Bu bağda bir ağac bitməmiş rahət
Ki, balta dəyməyib, qalsın səlamət.
[Nizami Gəncəvi, “İskəndərnamə”, 2004: 115]

Böyük İnsanın-Nizaminin bir başqa misalında yığım kimi dirhəmi dirhəmin üstünə qoymaq yolunun olduğunu açıq aydın göstərir. İkinci sətirdə göstərdiyi “Elə bir nəhəng bizə yan almış, yemədiklərim əlinə salmış” ksiraları bizə maliyyə – bank sisteminin XII əsrin sonlarına doğru çöküşünü, ölkələrdə eyni minillikdə ikinci dünya iqtisadi böhranının yaxınlaşdığını, bununla da yeməyib yığdıqlarının bu böhranla əlindən çıxdığını açıq aydın göstərir. Olduqca maraqlı bir baxışdır. XVIII əsrin humanist alimləri-utopistlərin-Jan jak Russo, Adam Smit, o cümlədən XIX əsrin görkəmli alimlərindən olan Karl marks, etnoqraf Fridrix Engelsin ağır ağır çoxcildli əsərlərində bu fikri izah etməyə bir ömür sərf etmişlər. Dahi Nizami məhz pulların dəyərsizləşdirilməsi, əmtəələrin bahalanması ilə kapitalın məqsədli şəkildə hakimiyyətlər tərəfindən həyata keçirildiyini, bunun məntiqi nəticəsi kimi iğtişaların, aclığın müharibələrin baş verdiyini iki sətirdə izah edir.Budur Şərqin lakonik və dərin fəlsəfəsi.

Qızıldan bir saray tikdirdi Şəddad,
Ölərkən almadı qəsrindən murad.
Bu bağda bir ağac bitməmiş rahət
Ki, balta dəyməyib, qalsın səlamət.

Deyən şair ehtimal ki, paytaxtı Gəncə Olan Şəddadilərə də eyham vurur. Bununla belə mükəmməl ilahiyyatçı kimi dünya bağında balta dəyməyən ağacın olmadığını və bütün hər şeyin Allaha məxsus olduğunu, yer üzündə yalnız onun simasının qalacağı kimi müsəlman aləminin XI-XII əsrlərində bütün Şərqdə. O cümlədən azərbaycanda geniş şəkildə xalqın həyatının yaxşılaşdırılması üçün yayılan bir çox dini təriqətlərin əsas ideyalarını gözəl bir formada qələmə almışdı.
Nizaminin yaradıcılığında sikkə vahidlərinin hansı siniflərə aid olmasını göstərən xeyli maraqlı baxılar vardır. Məsələn,

“Şahım, bir dinara ehtiyacım var,
Versəniz, dünyaya dəyər bu dinar.”
Gülərək söylədi ona İskəndər:
“Şahdanbəxşiş istə rütbəsi qədər.”
O casus söylədi: “Səxavətli şah.
Bir dinar verməkdən utansan hərgah,
Dünyam bağışla mənə bir kərə,
Qaldır bu başımı uca göylərə.”
[Nizami Gəncəvi, “İskəndərnamə”, 2004: 195]

Numizmatik araşdırmalara əsasən Nizaminin yaşadığı dövrdə zərb edilən dinarın orta şəkisi 2, 25-30 qram arasında, 78-89 əyarında olmuşdu, yəni 100 əyarında belə nominallar buraxılmamışdısa, şahlar necə tam mükəmməl insanlar ola bilər ki.Buna baxmayaraq, bir kasıbın hökmdara dünyaya bərabər dəyəri olan dinarı şahdan istəməsi, səhv hesab edilir. Belə ki, bütün dinarları xəzinəsində toplayıb xalqını bu pula möhtac qoyan hökmdar öz tutduğu mövqeyə görə ondan nəsə istəməsini söyləyir.Növbəti sətirdə bu kasıb insanın casus olduğunu bildirən şair əslində daha dəqiq məlumat verir. Belə ki,yəqin ki, kasıbların şahlarla canlı deyişməsi baş tuta bilməzdi. Bu “casus” obrazı əslində o dinarı məhz hökmdardan ona görə istəyə bilər ki, dövlətin bütün sirlərini elə özü ona şatdırsın. Yəni dinarların üz və əks tərəfində olam möhürlərdəki məlumat kifayətdir ki, casus kiminlə necə davranacağını təyin edə bilsin. Başının uca görylərə qaldırmağını istəmək əslində bütün ehtiyacların hökmdarlardan deyil, Allahdan istənilməs kimi mükəmməl insan-ruzi -Yaradan əmsalını bir növ dəqiqləşdirir. Böyük şair bu sətirlərdə və ümumilikdə əsərlərinin əsas süjet xəttində həm də insanların maliyyə münasibətlərini, əmtəə pul bazarını şox gözəl və özünəməxsus bir dillə bizlərə çatdırır.

Şərq-müsəlman numizmatika elmində ən son tarixlərə qədər, azərbaycan misalında xanlıq dövrü də daxil olmaqla xəzinəyə vergilər qismində pullarla bərabər həm də dəyərli əşyalar, zərgərlik məmulatları, o cümlədən keyfiyyətli parşalardan tikilmiş paltarlar da qəbul edilirdi.Bura əcnəbi ölkələrdən gətirilən paltarlar da daxil idi. Sozüs ki, hökmdarlar bir ömür boyu hər gün paltar dəyişsələrdə bunların hamısını geyinə bilməzdilər. Əlbəttə burda dəb, qəbul edilmiş standartlar, parçaların nədən və hansı üsullarla hazırlanması məsləsi də önəmli məqamlardan ibarət idi. Ona görə də müəyyən hadisələr zamanı, hədiyyələr vermək üçün, yaxud da bəzən maaş qismində Divan əhlinə verilirdi. Yeri gəlmişkən XX əsrin sonuncu onilliklərinə qədər ölkəmizin demək olar ki, bütün yerlərində toy mərasimləri zamanı yaxın qohumlar toyda bəy tərifi mərasində evlənən gəncin boynuna, çiyninə musiqi sədaları altında, müğənni tərəfindən adları çəkiləndə bahalı parça keçirərdilər.O zamanlar tətbiq edilən bu adət məhz bəylərə, ağalara, xanlara hədiyyə kimi verilən dəyərli paltar, parça olduğu zamandan qalmışdı. Aşağıdakı şer parçasından bizə məlum olan başqa bir önəmli məqamım dövlətin xəzinəsinin qəzəl dinarlardan ibarət olması barədə olan hissədir. Əhalidən vergi əsasən dirhəmlə yığılmağına baxmayaraq, görünür mübadilə vasitəsilə qızıl dinara çevrilərək xəzinələrə daxil olurmuş .Ayrıca qeyd etmək lazımdır ki, günümüzə qədər dövlətlərin əsas hissəsi qızıl külçələrdə saxlanılır. Bunun də əsas səbəbi qızılın bütün dünyada ən dəyərli metal olması, demək olar ki, heç zaman öz dəyərini tam itirməməsi və korroziyaya uğramamsı ilə əlaqədardır. Bundan başqa daşınma məsələsi də həmişə böyük problem olmadığı da, insanların qızıla günəşin yerdəki obrazı kimi baxması kimi maraqlı baxışı da böyük yer tutur.

Nəhayət bu dörd sətirdən bizim üçün bir dəyərli məlumat da şəhərin əsas nişanının məhz xəzinə və xəzinədə toplanan dinar, geyim, dürr adlı yarımqiymətli mineral daşlar, ipək olduğunu görürük.demək iqtisadiyyatın əsasını bu əmtəələrin istehsalı ilə birbaşa bağlı olmuşdu.

Xəzinə boşalmış, yoxdur dinar da.
Xəzinə geyimdən boşalmış, gerçək,
Sandıqdan dür çalmış, taxümdan ipək.
Gördüyün o Bərdə olmuşdur viran,
O zəngin şəhərdən qalmamış nişan.

Dirhəm məsələsinə şairin əsərlərində digər sikkə nominallardan daha çox yer verilmişdi.Belə bir müqayisəyə Xosrov və Şirin əsərində aşağıdakı formada rast gəlirik;

Yüz xəzinə olsun, ya bir dirhəmin.
Bir qarınlıq paydır dünyada yemin.
Sağ olduqca canın bu dünyada, bil,
Vücud çətinliкdən yorulan deyil.
[Nizami Gəncəvi, “Xosrov və Şirin”, 2004: 241]

Əsas fikir insanın sağlamlığının bütöv bir xəziinə ilə, ya da cəmi bir dirhəm olsa belə geri gəlməyəcəyi əslində aktuallığı heç zaman itməyən bir fəlssəfi baxışdır.

Bir Kəbə mübtəlası hazırlaşdı səfərə,
Öyrənib bələd oldu qaydalara, dəblərə.
Ehtiyacından artıq bir az qızılı vardı,
Öz halal dinarını kisəsində saxlardı.
Düşündü: filan sofu əl çəkibdir dünyadan,
Tanrı bəndəsidir o, azdır bu cür düz adam.
Sofu işarə qıldı: – Sus, lütf elə bir qədər,
Xaraba kənddən axı kim xərac ala bilər?
Sağlığına qızılı sərf elədim bazara,
Mənimtək müflis hara, dinar kisəsi hara?

[Nizami Gəncəvi, “Sirlər xəzinəsi”, 2004: 162]

Burada maraqlı məsələ insanların halal qızıl dinarlarını öz xüsusi dinar kisələrində üstlərində saxlaması barədədir. Sufi dərvişi ilə müqayisədə özünün nisbətən varlı olduğunu bilən sadə insan onun düz adam olduğunu, buna görə dinarının olmadığını yazır.

Nə qədər yığmısansa, bircə dirhəmə dəyməz,
Ömrü verdiyin sövda bir nəfəsmiş, boş nəfəs.
Hər nə almısansa, ver, cəm etməyə can atma!
Əlindən gələn qədər payla, bölüş, uzatma!
[Nizami Gəncəvi, “Sirlər xəzinəsi”, 2004: 94]
deyən şair o pul kisəsini insanlar arasında paylaşmağı, bölüşməyi insanın həyatdakı ən böyük və düzgün çıxış yolu kimi görür.
Ovçu dözdü, səbrinin misqal boyda arpası,
Bəlkə bir dirhəm qədər xeyir gətirdi azı.
Ovçunun qarşısına bir tülkü çıxdı lapdan,
Dedi: – Səbr etmək olmaz, sən ey səbrli İnsan!
[Nizami Gəncəvi, “Sirlər xəzinəsi”, 2004: 122]

Əks halda mütləq bir tülkü çıxıb ovçunun topladığını əlindən alıb aparacaq. Maraqlı bənzətmələrdir .

Qeyd edildiyi kimi, Nizaminin əsərlərində diqqəti cəlb edən ən mühüm məsələlərdən biri də mübadilə, ticarət, pul və onların rolu haqqında yürütdüyü ideyalardır. Şair özünəməxsus ədəbi dildə əmtəələrin düzgün qiymətləndirlməsində muzdlu əməyin dəyərini həm ədalət, həm də islam qanunlarına görə hesablamağı, demək düzgün haqqının ödənilməsini belə ifadə edir. “Az-çoxluğu hesablayarkən, zəhmətlə muzdu bərabər tut”. “Sən ayaqqabı verəndə, sənə əvəzində papaq verərlər”. Nizami dəfələrlə göstərir ki, nadir metallardan-qızıl və gümüş pullar, daş-qaşlar çox böyük zəhmətlə hasil olunduğuna görə qiymətlidir.

Nizami bazar qiymətlərini və onlara təsir edən amilləri düzgün müşahidə etmiş və bu kateqoriyalar haqqında daha maraqlı fikir söyləyə bilmişdir. Onun bu sahəyə dair irəli sürdüyü ən qiymətli fikri tələb və təklif haqqındakı görüşlərində ifadə etdirilmişdir. Nizamiyə görə bazarda bəzi əmtəələrin qiyməti ona görə yüksəkdir ki, onlara olan tələb çox, təklif isə azdır. O, “Xosrov və Şirin“ əsərində yazır:

Bir şeyə olanda iki müştəri,
Əlbəttə o şeyin artar dəyəri.

Yenə həmin əsərində bazarda eyni qəbildən olan malların çoxalması nəticəsində onların qiymətdən düşməsini göstərir:

“Gövhəri gövhərlər qiymətdən salar,
İpəyi ipəklər hörmətdən salar”.

Nizami tələb və təklifin qiymətlərin dəyişməsinə təsirini göstərməklə yanaşı, bu qanunun əkinçinin vəziyyətinə necə təsir göstərməsini də açıqlamışdır. O, bunun əkinçinin, çörəkçinin fəaliyyətinə necə təsir göstərməsi timsalında belə təsvir edir: “Taxıldan bir fayda gözlənilirsə, əkinçi əkinə, biçinə başlayar. Taxılın bazarı kasadlaşsa, qiymətsiz olsa, əkinçi işi, zəhməti buraxar”. Nizami mübadilədə, alqı-satqıda bərabərliyi və ədaləti əsas tutmaqla qeyri-ekvivalent yolla ticarətdən, çoxlu qazanc əldə edən tacirlərin əməllərini pisləyirdi. O bildirirdi ki, müxtəlif yollarla tacirlər və sələmçilər kəndlinin və sənətkarın hesabına həddən artıq var-dövlət və sərvət toplayırlar. Buna görə də o, ticarətdə “az verib çox alanları”, çəkidə,ölçüdə müştəriləri aldadanları məzəmmət edir və onları bu işdən çəkinməyi məsləhət görürdü. Əslində Nizami Gəncəvi müasir iqtisadi leksikologiyada izah etsək böyük şair sağlam rəqabət mühitinin yaranması ilə qiymətlərin aşağı düşməsinin mümkünlüyünü yazırdı.

Müəyyən qədər natural təsərrüfatın üstünlük təşkil etdiyi orta əsrlərdə, o cümlədən dahi şairin yaşadığı illərdə əmtəə-pul münasibətlərinin inkişaf edib genişlənməsi istehsalçıların öz aralarında təbəqələşməsinə, görünür ticarət və sələm kapitalının daha geniş fəaliyyətinə səbəb olurdu. Tədricən sərvətin pul formasında özünü göstərməsi, pula, qızıla meyli gücləndirdi. Pul,qızıl varlanmağa olan ehtirası artırırdı. İnsanlar üzərində pulun, qızılın bu hökmranlığını görüb müşahidə edən Nizami bu qanunauyğun proseslə hesablaşmaq istəmirdi. O, pulu insanın maddi və mənəvi tələbatına xidmət edən bir vasitə kimi başa düşürdü. Sələmçilik, pul yığmaq hərisliyi, qızıla, gümüşə pərəstiş etmək Nizaminin əxlaq təliminə, idealına uyğun deyildi. Buna görə də o, pulun yerinə yetirəcəyi bir sıra funksiyaları öz əxlaq təlimi çərçivəsində izah etməyə çalışır, qiymətli, əxlaqi, tərbiyəvi əhəmiyyət kəsb edən fikirlər söyləyirdi. Nizaminin dövründə tədavüldə qızıl, gümüş və mis pullar fəaliyyət göstərirdi. Onun əsərlərində qızıl sikkələr, qızıl külçələr haqqında məlumatlar verilir. O,”İsgəndərnamə”də bir qızıl dükanını təsvir edərək göstərir ki, burada “kisələrlə qızıl tökülmüşdü, bir yanda sikkələr, bir yanda qızıl külçələr”. Nizami qiymətli metallardan çox əvvəlki dövrlərdə müxtəlif ölkələrdə ayrı-ayrı əmtəələrin pul rolunda çıxış etməsi haqqında geniş məlumata malik olmuşdur.

Nizami ruslarla Azərbaycan və Qafqazla iqtisadi-ticarət əlaqələri haqqında geniş məlumata malik idi. O, həmin əsərində rusların Qafqaza, Azərbaycana yürüşlərindən danışarkən onların adət-ənənələrini də təsvir edir. Eyni zamanda o, həmin dövrlərdə ruslar üçün səciyyəvi olan və xarici bazarlara ixrac edilən mallar (xəz dərilər, mum, bal və.s) haqqında düzgün tarixi məlumatlar verir.

Klassiklərin əsərlərində ruslarda xəz dərinin pul rolu oynaması da qeyd edilmişdir. Burada Nizami göstərmək istəyir ki, alqı-satqıda dəriyə göstərilən inam qızıldan da, gümüşdən də güclüdür, pul kimi dəri hamı tərəfindən qəbul edilir. O, bunu İsgəndərin dünyanın müxtəlif qitələrində və ölkələrində də rast gəldiyi bəzi qəbilələrin və xalqların timsalında da göstərir. İsgəndərin Misir yürüşündə Afrikada rast gəldiyi bir çox qəbilə və xalqlar qızıl və gümüş pulu tanımırlar. Eyni zamanda Nizaminin təsvir etdiyi ədalət ölkəsində də qızıl və gümüş “heç kəsin işinə yaramır”. Onlar yalnız insanın istehsal etdiyi başqa məhsullar kimi onlara xidmət edir. Beləliklə, Nizami bununla istər-istəməz pulun mahiyyətinə və onun tarixinə nəzər salmış olur.

Nizami dövlətlilərə, xəzinə sahiblərinə məsləhət görürdü ki, onlar yığdıqları sərvətdən səmərəli istifadə etsinlər. O deyirdi: “O şeyi ki,qoyub özün görəcəksən, onu nə qədər yığıb saxlamaq olar”. Buna görə də ən yaxşısı bu sərvəti xeyirxah işlərə-şəhərlər tikdirmək, abadlıq yaratmaq, yoxsullara kömək etmək üçün sərf etmək ədalətli və səmərəli fəaliyyət göstərmək olardı. Nizami göstərir ki, qızıla, pula sitayiş insanı dünyəvi işlərdən uzaqlaşdırır, insanlar arasında ədavət salır, dostu-dosta qarşı qoyur. O, “Yeddi gözəl” əsərində deyir ki: “Kim qızıldan ötrü ölür boş yerə, demək o sitayiş eyləyir zərə”.

“Axmaqlığa bax ki, bir parça daşdan ötrü, dost öz dostu ilə vuruşur”.
Nizaminin əməyə, çalışqanlığa, qurub-yaratmağa səsləyən bu və buna bənzər yüzlərlə nəsihət və fikirləri bu gün də öz aktuallığını saxlamaqdadır. Əməyi, insan azadlığını hər şeydən üstün tutan böyük mütəfəkkir bu gün də bütün bəşəriyyətə, insanlığa xidmət edən öz mütərəqqi ideyaları ilə yaşamaqdadır.

Beləliklə, XII əsrdə N.Gəncəvi Azərbaycanda pul sistemi haqqında, ümumiyyətlə pulun sosial-iqtisadi təbiəti haqqında mükəmməl elmi fikir və təsəvvürlər yaradır.

N.Gəncəvinin “Xəmsə”sində mövcud olan şerlərdə xüsusi üslubda ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem halına salındıqda, onun cəmiyyətin ictimai-iqtisadi münasibətləri haqqındakı təsəvvürləri daha aydın nəzərə çarpır. Bu baxımdan onun irsinin tədqiqi göstərir ki, Nizami Gəncəvi çox zaman humanizm və demokratizmi dahi mütəfəkkirin iqtisadi ideyalarının , insanlara iqtisadi azadlıqların təqdim edilməsində gördüyünü görürük. Nizami Gəncəvi bütün bu günkü elmə məlum olan əsərlərində əməyə, sərvətə, mübadiləyə, pula, bölgü və istehlaka öz əxlaq fəlsəfəsi mövqeyindən yanaşmışdır. Əmək və əməkçi surətləri (obrazları), əməyin düzgün və ədalətli qiymətləndirilməsi demək olar ki, onun bütün əsərlərinin başlıca qayəsini təşkil edir.

Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin nəzəri-iqtisadi ideyaları onun yaradıcılığında mühüm yerlərdən birini tutur. O, cəmiyyətin ictimai iqtisadi quruluşu, əmək, əmək bölgüsü, sərvət və onun mənbələri, bölgü, istehlak məsələləri üzrə özünə məxsus bir tərzdə qiymətli fikirlər irəli sürmüşdür. Onun mübadilə, ticarət, qiymət, pul və s. haqqında fikir və ideyaları haqqında baxışları iqtisadi fikir tariximizi zənginləşdirən qiymətli töhfədir.

N.Gəncəvinin yaşadığı cəmiyyətin ictimai ziddiyyətlərini dərindən qavraması, cəmiyyətdəki sosial ədalətsizliyə qarşı mübarizəsi və nəticədə cəmiyyətin yenidən qurulması üçün yollar axtarması, ideal cəmiyyət haqqındakı fikirləri ictimai-iqtisadi fikir tariximizin ən qiymətli inciləridir. N.Gəncəvi bir mütəfəkkir alim kimi elmin qarşısında qoyduğu vəzifəni “Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı” fikri ilə şərəflə yerinə yetirmişdir. N.Gəncəvinin əsərlərində insan, onun dünyada yeri və rolu, insanın insana, insanın cəmiyyətə və onu əhatə edən təbii mühitə münasibəti, cəmiyyətin ədalət və təbii qanunlar əsasında qurulması və idarə edilməsi kimi həyati məsələlər əsas yer tutur. Onun nəzəri irsinin və fikir dünyasının hərtərəfli və dərindən öyrənilməsi göstərir ki, o öz dövrünün mühüm ictimai, iqtisadi və siyasi hadisələrinə, bu hadisələrin cərəyan etdiyi mühitə biganə qalmamışdır.
Dahi Nizami özünün dərin müşahidəçilik qabiliyyəti və elmi müşahidələri sayəsində XII əsrdə Azərbaycanda və ona qonşu olan ölkələrdə mövcud olan ictimai-iqtisadi quruluşun xarakterini və ziddiyyətlərini açıb göstərməyə çalışmışdır. Onun “Xəmsə”si əvvəldən axıradək yaşadığı dövrün ictimai, iqtisadi, sosial və mənəvi problemlərin həllinə, öz xalqının və bütün bəşəriyyətin əzab-əziyyətdən, ictimai bərabərsizlikdən xilas olması məsələlərinə yönəldilmişdir. O. keçmişdən danışarkən öz dövrünün ictimai quruluşuna və üsul-idarəsinə qarşı açıq və kəskin etirazlarını bildirmiş və cəmiyyətin gələcəyinə nikbin nəzərlərlə baxmışdır. Buna görə də N.Gəncəvinin yaradıcılığı öz aktuallığını itirməmiş, bəşər sivilizasiyasına 900 ilə yaxındır ki, xidmət etmiş və indi də etməkdədir.

N.Gəncəvi “Xəmsə”də daxili və xarici ticarət mənbələrinə, onların inkişafına və aparılması qayda-qanunlarına dair qiymətli fikirlər söyləmişdir. O, tacirlərə, alqı-satqı ilə məşğul olanlara şərait və ədalət qanunları ilə sövdələşməyi tövsiyə edir. Həm də onların dükanlarını, mallarını oğru-quldurlardan qorumağı da dövlət məmurlarının vəzifəsi hesab edir. Bunu nəzərdə tutub yazır ki, «Bu çarşı-bazarla mən necə dükan qurum ki, oğru-quldurdan amanda qalım. Kimin bu çarşı-bazarda dükanı varsa, onu hər tərəfdən yarıb oğurlayıblar. Əgər oğru aparandan səs-səmir çıxmadısa, demək oğru tutan darğanın əli mala çatıb». Bununla da o, xarici ticarətlə məşğul olan tacirlərdən danışarkən yenə də onların hüquqlarının müdafiə olunmasını xatırladan, yollarda qarşılaşdıqları təhlükədən xilas olmaq üçün tədbirlər görülməsini vacib hesab edirdi.

N.Gəncəvi ölkələr və xalqlar arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin mütərəqqi yolunu düzgün qiymətləndirərək deyir ki, «Dünya al-ver siyasətində çiçəklənməyə başlanmışdır». Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin yaşadığı doğma Gəncə şəhəri o dövrdə Qafqazda deyil, həm də yaxın və Orta Şərqin ən böyük və sənətkarlığın, tiçarətin, mədəniyyətin yüksək inkişaf etdiyi mərkəzlərdən biri idi. Gəncəni və bütün azərbaycanı dünyaya tanıdan da böyük sufi, mütəfəkkir alim, bütün zamanların ən böyük şairi Nizami Gəncəvidir.

Ədəbiyyat

Rəcəbli Ə.Монетное дело азербайджанского государства Сефевидов. Bakı: Ziya, 2014, 231 s.
Pirquliyeva Q. Numizmatikanın əsasları. Bakı: 2009, 168 s.
Fərəcov Ə. Nizami Gəncəvinin iqtisadi görüşləri haqqında, Bakı: 1956.
Nizami Gəncəvi. Xosrov və Şirin. Baki: Elm, 2004, 374 s.
Nizami Gəncəvi. İskəndərnamə. Bakı: Elm, 2004, 650 s.
Nizami Gəncəvi. Leyli və Məcnun. Baki: Elm, 2004, 290 s.
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Baki: Elm, 2004, 247 s.
Nizami Gəncəvi. Yeddi gözəl. Baki: Elm, 2004, 360 s.