Litvada Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib

Litva Gömrük Departamentindən verilən açıqlamada, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı nəqliyyat vasitələrindən istifadə edənlərin qanunvericiliyi pozmuş hesab ediləcəyi və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi bildirilib.

İndex.az xəbər verir ki, açıqlamada, Litvada təxminən 50 Rusiya nömrəli avtomobilin olduğu və bu vasitələrin sahiblərinin 6 min 561 dollara qədər pul cəzası ilə üzləşdiyi və ölkəni tərk etmədikləri təqdirdə bu vasitələrin müsadirə ediləcəyi qeyd edilib.

Bildirilib ki, Rusiyanın Kalininqrad vilayətinə Litva üzərindən gedən və ya bu bölgədən gələn Rusiya vətəndaşları, müvafiq sənədləri olması və Litva ərazisindən tranzitinin 24 saatdan çox davam etməməsi şərti ilə qadağadan azad ediləcək.

Diplomatik nəqliyyat vasitələrinin də qadağadan azad olduğu da bildirilib. Litva 2023-cü ilin sentyabrında Avropa Komissiyasının tövsiyəsi ilə Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.