Kredit faizləri niyə yüksəkdir? – Deputatdan CAVAB

Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizlərinin hələ də yüksək olmasıdır.

İndex.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, depozit faizlərində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq, hələ də kreditlər baha təklif olunmaqdadır: “Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 18 milyard 7 milyon manatdır. Ötən ay isə kredit portfeli 17 milyard 587 milyon manat olub. Onun 13 milyard 81 milyon manatı milli valyutada, qalan 4 milyard 446 milyon manatı isə xarici valyutada təklif olunub. Baş bankın hesablamalarına görə, ölkə üzrə orta kredit faizi 11.86 faiz, milli valyutada isə 14.28 faizdir”.

Deputatın fikrincə, aydındır ki, Mərkəzi Bank orta kredit faizlərini hesablayan zaman bütün növ kreditləşmə üzrə qiymətləndirmə aparır: “Vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri üzrə faizlər isə elan olunan rəsmi orta rəqəmlərdən daha yüksəkdir.  Qeyd edək ki, kreditlərin 51.4 faizi, yəni 9 milyard 262 milyon manatı birbaşa ev təsərrüfatlarına yönəldilir”.

 

Kredit faizlərinin yüksək olması nə ilə bağlıdır? Faizlərin aşağı salınması üçün nələrin edilməsinə ehtiyac var?

 

Millət vəkili qeyd edib ki, kreditlərin bahalı olması real sektorda gəlirlilik səviyyəsinin yüksək olması ilə əlaqədar olsa da bank sektorunda rəqabətin zəif olması əsas səbəblərdəndir: “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit faizlərinin azalması birbaşa banklar arasında rəqabətin daha gücləndirilməsindən keçir. Doğrudur, Azərbaycanda depozitlər üzrə faizlər yüksək olması da kreditləri bahalaşdırır. Amma bununla belə, yenə də kredit faizləri bir sıra hallarda depozit faizlərini 2 dəfəyə yaxın üstələyir”.

V.Bayramov vurğulayıb ki, kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsi, bu sektorda konservativ siyasətdən mərhələli şəkildə liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var: “Rəqabətin güclənməsi, kredit faizlərinin aşağı salınması üçün baza formalaşdıra bilər. Bütün hallarda isə, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.