Karantin cərimələrini ödəməyənləri hansı cəza gözləyir?

Dünən Brilliant Dadaşovanın oğlu Cahadın 3000 manatdan çox karantin cəriməsinin olması ilə bağlı xəbər yayılıb.

Bəs karantin cərimələrini ödəməyənləri hansı cəza gözləyir?

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimi qaydasını pozan şəxslə bağlı polis əməkdaşı tərəfindən tətbiq edilmiş inzibati tənbeh tədbiri nəticəsində yaranan cəriməni vətəndaş tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ödənilməsə iş məhkəməyə göndərilir:

“Nəzərinizə çatdırım ki əgər vətəndaşın hər hansısa şəkildə məhkəmə tərəfindən təsdiq olunmuş borcu varsa, şəxsin özünə lazım olan sənədləşdirmə işlərinin görülməsində belə çətinliklər yarada bilər. Hətta karantin rejimi qaydasını pozduğuna görə vətəndaş barədə tətbiq edilən cərimə ödənilməsə, məhkəmənin qərarına əsasən vətəndaşın ölkədən çıxışına belə məhdudiyyətlər qoyula bilər”.

Vəkillər Kollegiyasının üzvü Vasif İsrafilov saytımıza açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsinə görə, vətəndaş 30 gün müddətinə cəriməni ödəməlidir:

“Şəxs ölərsə, cərimə tərtibindən 5 il müddət keçərsə, yaxud da cəriməni müəyyən edən maddələr qanunvericilikdə dəyişdikdə ödəməkdən azad oluna bilər. Əgər vətəndaş 30 gün ərzində cəriməni ödəmirsə, fiziki şəxslərin əməkhaqlarından pulun tutulması üçün iş yerlərinə, pensiyadan tutulması üçün müvafiq orqanlara və ya digər gəlirlərinə tətbiqlər həyata keçirilir. Hüquqi şəxslərin isə bank hesablarına tətbiq edilir.

Həmin şəxs işdən çıxıbsa, ya ödənilməsi üçün kifayət qədər məbləğ olmursa, həmin cərimə barədə məlumat Ədliyyə Nazirliyinə göndərilir. Nəticədə şəxsə cəriməni ödəmək üçün iki aylıq könüllü müddət verilir. Həmin müddətdə də, icra olunmursa, protokol məhkəməyə göndərilir. Artıq məhkəmə onun barəsində islah işləri növündə cəza və həbs tətbiq edə bilər. Əgər vətəndaş məhkəməyə qərarı qüvvəyə minənə və çıxana qədər pulu ödəyibsə, inzibati qaydada digər məsuliyyətə cəlb edilmir”.

O qeyd edib ki, vətəndaşın cəriməsinə görə, sənədlərinin alınması, təzələnməsi ilə bağlı hərəkətlərinə məhdudiyyət qoyula bilməz:

“Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb. Şəxs öz sənədlərini rahat dəyişə bilər. Yalnız məhkəmə qərarına görə, sürücülük vəsiqəsi ilə bağlı məhdudlaşdırılma ola bilər”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsinə görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.