Hotelin vergidən yayınmasına nazirlikdən -CAVAB

Vergi borcunu ödəməkdən yayınan “Gəncəli Plaza Hotel” Səbail bələdiyyəsini məhkəməyə verib. Səbəb isə çox gülməlidir. Hotelin sahibi olan “Gəncəli” Kommersiya İstehsalat Şirkəti bələdiyyənin vergi borcu ilə bağlı qərarını ləğv etməsini, gələcəkdə də bu barədə heç bir tələb irəli sürməməsini iddia edib.

Bu barədə İndex.az-a “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli məlumat verib. Onun sözlərinə görə, bələdiyyə vergi borclarının yığılması proqramına əsasən dəfələrlə müraciət olunan, lakin vergi borcunu ödəməyən şəxslər və subyektlərlə bağlı müraciətləri icra şöbəsinə verməyi qərara alıb:

“Həmin siyahıda “Gəncəli” şirkəti 9 784 manat vergi borcu ilə ilk sıralarda yer alıb: Lakin vergi borcunu ödəmək əvəzinə şirkət Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müracət edərək Bakı şəhəri Səbail bələdiyyəsinin qəbul etdiyi borc qərarının ləğv edilməsi və gələcəkdə Bakı şəhər Səbail bələdiyyəsi tərəfindən hər hansı vergi tələb edilməsinin həmin quruma qadağan edilməsi barəsində qərar qəbul edilməsini xahiş edib. Səbəb isə Gəncəli” Kommersiya İstehsalat Şirkətinə məxsus “Gəncəli Plaza Otelinin” mehmanxana rüsumunun ödənilməsiylə bağlı bələdiyyə tərəfindən göndərilən bildiriş olub”.

Bəs borcun məbləği necə müəyyən edilib? Suala aydınlıq gətirən V.Tofiqli deyib ki, “Gəncəli” KİŞ Dövlət Statistika Komitəsinə təqdim etdiyi illik hesabatda məhz bələdiyyə büdcəsinə 9 784 manat vergi ödənildiyini göstərib:

“Maraqlıdır, şirkəti öz hesabatlarında bu rəqəmi göstərirsə, niyə bu gün onu ödəməkdən boyun qaçırır? Üstəlik məhkəmə qarışısında iddia ilə çıxış edərək ümumiyyətlə bu vergini ləğv etməyi tələb edir. Prezidenti İlham Əliyevin daim ölkəmizdə sahibkarlığın inkişafına dəstək olduğu, biznes mühitinin beynəxalq standartlara çatdırıldığı, hər kəsin qəbul edilən qanunlara hörmətlə yanaşdığı bir vaxtda “Gəncəli” Kommersiya İstehsalat Şirkətinin bu addımı başa düşülən deyil”.

Qeyd edək ki, Səbail bələdiyyəsinin inzibati ərazisində hazırda 100-ə yaxın mehmanxana və mehmanxana tipli müəssisə qeydiyyatdadır. Bu gün onların 60-a yaxın bir hissəsi fəaliyyətini bərpa edib və əksəriyyəti, xüsusən də ən tanınmış mehmanxanalar bələdiyyə büdcəsinə olan vergi borclarını vaxtında ödəyirlər.

Məsələyə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi münasibət bildirib. Açıqlamada qeyd olunub ki, bələdiyyələrin maliyyə mənbələrindən biri də ərazilərində fəaliyyət göstərən mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdir. Bələdiyyələrin bu sahədə səlahiyyətləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilib.

“Belə ki, “Yerli vergilər (bələdiyyələr) və ödənişlər haqqında” Qanun yerli vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Bu Qanunun 9-cu maddəsində yerli ödənişlərin tərkibi sadalanmış, 9.1.4-cü maddəsində bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödəniş kimi qeyd olunmaqla, bu ödənişin hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaq şərti ilə məbləği müəyyən edilib. Mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən ödənişlərin qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilməsi bu Qanunun 11.2-ci maddəsinə əsasən həmin şəxslərin (ödəyicilərin) üzərinə vəzifə kimi qoyulub. Qanunvericiliyin tələblərinə əsasən qeyd olunan sahibkarlıq subyektlərindən alınan vəsait (ödəniş) üzrə yaranan hüquq münasibətləri xarakterinə görə sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (bələdiyyənin) digər tərəf (sahibkarlıq subyekti) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan maliyyə-büdcə münasibətləridir”.

“Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə əsasən yerli vergilər və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarəti bələdiyyələrin vergi xidməti orqanları həyata keçirir. Bundna əlavə  “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-5.6-cı bəndlərində bələdiyyələr tərəfindən yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilməsi göstərilib.  Bununla belə 21.10.2005-ci il tarixdə qəbul olunmuş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyələrə pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı olan inzibati akt qəbul etmək səlahiyyəti verilib.

Bələdiyyələrlə İş Mərkəzi bildirib ki, qeyd olunan Əsasnamədə və Qanunda bələdiyyələrə münasibətdə eyni məsələ ilə bağlı mahiyyət etibarı ilə bir-birindən fərqli icraat qaydası ilə müşayiət olunan iki müxtəlif davranış imkanı nəzərdə tutulub. “Normativ hüququ aktlar haqqında” Qanunun 10.5-ci maddəsində qeyd olunub ki, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir:

“Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 82-ci, 87-ci maddələrinə və “İcra haqqında” Qanununun 6.1.8-ci maddəsinə uyğun olaraq, bələdiyyələr sahibkarlıq subyektinin ödəməli olduğu yerli vergi və ödənişlərinin məbləğini (müvafiq dövrdə yaranmış borcu) dəqiq göstərən inzibati aktı qəbul edərkən onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə bələdiyyələr həmin aktı məcburi qaydada icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərirlər. Lakin bu o halda mümkündür ki, bələdiyyənin ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən sahibkarlıq subyektləri tərəfindən üzərlərinə düşən öhdəlik icra olunmalı, yəni müvafiq hesabat bələdiyyəyə təqdim edilməli, tələb edilən vəsaitin həcmi bələdiyyəyə dəqiq məlum olandan sonra isə inzibati akt qəbul edilməlidir.  Hesabat təqdim olunmadığı təqdirdə bələdiyyələr tərəfindən ilk növbədə hesabatların təqdim edilməməsi ilə bağlı ödəyicilər xəbərdar edilirlər, bundan sonra da tələb icra olunmadıqda İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq sahibkarlıq subyektinə (ödəyiciyə) qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət olunur”.

İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini məhkəmə qaydasında tələb edə bilər.