BVF: “2023-cü ildə Avropa İttifaqı ölkələrinin yarısının iqtisadiyyatı tənəzzülə uğrayacaq”

“Bu il dünya iqtisadiyyatının əksəriyyəti üçün çətin olacaq, Avropa İttifaqı ölkələrinin yarısı Ukrayna münaqişəsi səbəbindən tənəzzülə doğru gedəcək”.

İndex.az “Report”a istinadən xəbər verir ki, bunu “CBS” telekanalına müsahibəsində Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva deyib.

Ondan BVF-nin “qarışıqlıq ili” olacağını proqnozlaşdıran son hesabatlarından birini şərh etməsi istənilib. Kristalina Georgiyeva deyib:

“Bunu 2023-cü ildə görəcəyik. Dünya iqtisadiyyatının çox hissəsi üçün bu, geridə qoyduğumuz ildən daha çətin, daha çətin il olacaq. Niyə? Çünki ABŞ, Aİ və Çinin iqtisadiyyatının artım templəri yavaşlayır”.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatdan çox ciddi zərər çəkiblər: “Gələn il Avropa İttifaqının yarısı tənəzzülə uğrayacaq”.

Kristalina Georgiyeva əlavə edib ki, Avropa hökumətləri çətin şəraitdə mükəmməl işləyir: “Xeyr, onlar dağılmayacaq. Və başqa bir diqqətəlayiq hal odur ki, dünya əslində bir il əvvəl düşündüyümüzdən daha möhkəm olub. Biz Avropada baş verən enerji şoklarına reaksiyanı izləyirik və Avropa qətiyyətlə Rusiyadan müstəqilliyə doğru irəliləyir. Bəli, sərt qış olacaq, bəlkə də növbəti qış daha da çətin olacaq, amma qarşıdan Rusiyadan asılılıqdan azad olmaq gəlir”.