“Alphabet”in mənfəəti kəskin azalıb

“Google”un əsas səhmdarı “Alphabet” 2022-ci ilin son rübündə gəlirlərini artırsa da, mənfəəti azalıb.

İndex.az xəbər verir ki, şirkətin açıqlamasına görə, “Alphabet”in 2022-ci ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 76,1 milyard dollara çatıb. Şirkət 2021-ci ilin oktyabr-dekabr aylarında 75,3 milyard dollar gəlir açıqlamışdı.

1%-lik artıma baxmayaraq, “Alphabet”in gəliri 76,5 milyard dollarlıq bazar gözləntilərindən aşağı düşüb.

Şirkətin gəliri 2021-ci illə müqayisədə 10% artaraq 2022-ci ildə 282,8 milyard dollara çatıb. “Alphabet”in 2021-ci ildəki gəliri 257,6 milyard dollar olub.

“Alphabet”in xalis mənfəəti 2022-ci ilin son rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 34% azalaraq 13,6 milyard dollara düşüb. Şirkət 2021-ci ilin dördüncü rübündə 20,6 milyard dollar xalis mənfəət əldə edib.

“Alphabet”in 2022-ci ildə xalis mənfəəti 59,9 milyard dollar olub. Şirkət 2021-ci ildə 76 milyard dollar mənfəət əldə etdiyini bildirib.

“Alphabet”in səhm üzrə qazancı 2022-ci ilin dördüncü rübündə 1,05 dollara düşüb. 2021-ci ilin son rübündə isə bu rəqəm 1,53 dollar idi.