AZAL 10 000 aviabiletin 29 avroya satışına başlayır

“Azərbaycan Hava Yolları” QSC 2023-cü ilin yay cədvəli çərçivəsində (martın 26-dan oktyabrın 29-dək) 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışını elan edir.

İndex.az AZAL-a istinadən xəbər verir ki, AZAL QSC-nin tərkib hissəsi olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti bu gün saat 16:00-da bütün hava limanı rüsumları daxil olmaqla, minimal “Büdcə” tarifi ilə 29 avroya 10 000 biletin onlayn satışına başlayacaq.

Bu təklif aviaşirkətin aşağıdakı 9 istiqaməti üzrə keçərlidir: Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa.

Aviaşirkətin www.butaairways.az rəsmi saytında uçuş cədvəli ilə daha ətraflı tanış olmaq və aviabiletləri əldə etmək mümkündür.

“Büdcə” tarifi ilə əldə olunan biletlərə ödənişsiz baqajın və ya əl yükünün daşınması daxil deyil, lakin təyyarənin göyərtəsinə ölçüləri 30x35x10 sm-ə qədər bel çantası, qadın əl çantası və ya kişi portfeli götürə bilərsiniz.

Aviadaşıyıcının reyslərində “Büdcə” tarifindən əlavə, müvafiq olaraq 10 kq və 23 kq baqajın daxil olduğu “Standart” (55 avrodan) və “Super” (75 avrodan) tarifləri ilə də bilet əldə etmək imkanı təklif olunur.