Ermənistan iqtisadiyyatı müharibəyə nə qədər tab gətirə biləcək?

Ermənistan iqtisadiyyatı müharibəyə nə qədər tab gətirə biləcək?

img



Müasir dünyada müharibələr yalnız hərbi imkanlarla aparılmır. Bunun üçün həm də ciddi iqtisadi gücə malik olmaq lazımdır.

 

Bəs görəsən, torpaqlarımızın bir hissəini işğal edən təcavüzkar ölkənin – Ermənistanın hazırkı şəraitdə Azərbaycanla müharibə aparmaq iqtidarı varmı? İqtisadiyyatı onsuz da koronavirus səbəbindən çətinliklər yaşayan işğalçıların bir yandan da müharibəyə can atması hansı anlama gəlir? Bunlara Ermənistanın tab gərirmək gücü nə qədərdir.

 

İndex.az xəbər verir ki, Azmarka.az aşağıda həmin mövzunu araşdırmağa çalışıb.

 

Deputat Aydın Hüseynov: "Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil"

"Ermənistan Azərbaycanla müharibə etməsə belə, onsuz da iqtisadiyyatı çökmüş vəziyyətdə idi. Hələ müharibədən xeyli öncə biz bunu müşahidə edirdik". Bunu mövzu ilə bağlı Azmarka.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

 

Onun sözlərinə görə, hazırda işğalçı ölkə əhalisinin yarıdan çoxu ac və səfalət içindədir: "Digər tərəfdən, Ermənistanın gəlirlərini ardıcıl olaraq formalaşdıracaq heç bir potensial yoxdur. Çünki bu ölkənin dövlət büdcəsi ianələr hesabına formalaşır”.

 

Ermənistan iqtisadiyyatı müharibəyə nə qədər tab gətirə biləcək? - Azmarka-nın faktlarla dolu özəl araşdırması

 

Deputat deyib ki, əgər müharibəyə qədər Ermənistanın xarici borcu ümumi daxili məhsulunun təxminən 55 faizini təşkil edirdisə, bundan sonra həmin rəqəm 70 faizi keçəcək: "Bunu "Fitch" beynəlxalq reytinq agentliyi də öz proqnozu ilə təsdiqləyib. Məlumdur ki, Ermənistan Azərbaycanla son müharibədə 1 milyard dollardan çox vəsait itirib. Ölkədə ərzaq və dərman çatışmazlığı yaranıb, digər tərəfdən Ermənistanı tərk etməyə başlayanların sayı hədsiz çoxalıb, faktiki olaraq, "böyük köç" yaşanır, həmçinin koronoirus pandemiyasından gündəlik yoluxmanın sayı 600 nəfəri keçib. Təbii ki, gündəlik olaraq bu qədər insanın müalicə olunması, onların dərmanlarla təminatı böyük vəsait tələb edir. Eyni zamanda, koronavirusa yoluxmuş insanlar arasında çökmüş iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərənlər də var. İndi həmin adamların işsiz qalması işğalçı ölkənin iqtisadiyyatını daha da çökdürür. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil".

 

A.Hüseynov bildirib ki, müharibə böyük xərc aparan prossesdir: "Son döyüşlərdə Ermənistanın itkiləri hədsiz böyükdür. Bir ölkədə ki indidən ərzaq çatışmazlığı özünü göstərir, bunun özü həmin ölkənin real çöküşünün özündə əks etdirən ən mühüm göstəricidir".

Milli Məclis üzvünün fikrincə, yuxarıda sadalanlardan başqa da önəmli nüans var: "Məsələ burasındadır ki, artıq Ermənistana investisiya qoyulmur. Çünki müharibə şəraitində bu digər zamanlardan daha risklidir. Ermənistana hətta borc verən də yoxdur. İşğalçı ölkənin özünün isə daxili resursları yoxdur. Belə bir ölkənin nəinki müharibə aparmaq iqtidarı yoxdur, hətta yaxın aylarda öz vətəndaşlarını çörəklə təmin etməsi ilə belə şübhə altındadır..."

 

Elə iqtisadçı ekspert Rəşad Həsənov da Ermənistanın iqtisadi baxımdan Azərbaycanla müharibə aparmaq iqtidarında olmadığı qənaətindədir.

"İstənilən halda, bütün resursları cəlb etməklə Ermənistan Azərbaycanla apardığı miqyaslı müharibəyə ən yaxşı halda bir, yaxud da iki ay davam gətirə bilər. Artıq bunun da üçdə birindən çoxunu keçirmişik" – R.Həsənov Azmarka.az-a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, xüsusilə də pandemiyadan sonrakı dövrdə Ermənistan iqtisadiyyatının durumu döyüşlərdən sonrakı müddətdə yaranmış xərcləri konpensasiya etmək imkanından məhrumdur: "Ümumiyyətlə isə Ermənistan kifayət qədər məhdud imkanlara malik bir ölkədir.

Ekspert deyib ki, müharibə xərcli işdir: "Bu xərclərdən ən əsası isə hərbi ləvazimatların, avadanlıqların alınmasıdır. Məsələ ondadır ki, Ermənistan bu avadanlıqların və texnikanın alınmasında ciddi vəsait xərcləmir. Çünki müxtəlif güclər hər zaman işğalçı ölkəyə yardımlar göstərirlər. Xüsusilə erməni lobbisi də bu istiqamətdə Ermənistana ciddi maliyyə dəstəyi göstərir".

 

Lakin ekspertin fikrincə, hətta bu deyilənlərin fonunda belə, düşmənin uzunmüddətli müharibə aparmaq üçün resursları yox dərəcəsindədir. "Təsəvvür edin ki, Ermənistan iqtisadiyyatı Abşeron yarımadasının iqtisadiyyatından 3 dəfə kiçikdir. Eyni zamanda, Ermənistanın dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsi qədərdir. Bu baxımdan da düşünmürəm ki, hər hansı kənar müdaxilə, ciddi dəstək olmadığı təqdirdə Ermənistan bu müharibəni indiki şərtlər və öz imkanları daxilində ötən dövrü də nəzərə almaqla cəmi bir ay davam etdirə bilsin" – deyə R.Həsənov bildirib.

İqtisadçının fikrincə, indiki halda işğalçı ölkənin yeganə çıxış yolu var: "Ermənistan qeyri-qanuni və qeyri-etik istəklərindən – Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəkməlidir. Torpaqlarımızı işğaldan azad etməyə və bundan sonra sülh sazişi imzalamağa razı olmalıdır. Belə olduğu təqdirdə təbii ki, Ermənistan əlində qalan iqtisadi resurslar hesabına müəyyən qədər ayaqda qala bilər. Lakin müharibəni davam etdirməkdə israrlı olarsa, bu ona baha başa gələcək..."

 

Ekspertin sözlərinə görə, Azərbaycan hər zaman bəyan edib ki, ölkəmiz regionda sülh istəyir: "Biz qonşularımızla normal iqtisadi əməkdaşlıqda maraqlıyıq. Düşünürəm ki, Ermənistan səmimi şəkildə bütün iddialarından əl çəkərsə və real sülhə gedərsə, hətta Azərbaycanın da regionda mövcud olan iqtisadi potensialından hansısa formada yararlana biləcək. Bu isə eyni zamanda regionun sabitləşməsi və bölgəyə xarici investisiya cəlbi imkanlarını artıracaq.Yox, əgər Ermənistan əvvəlki ritorikanı davam etdirəcəksə, böyük ehtimalla bu ölkə uzun müddət yeni müharibənin vurduğu iqtisadi fəsadların aradan qaldırılmasına enerji sərf etmək məcburiyyətində qalacaq”.

 

İqtisadçının fikrincə, belədə Azərbaycanın da aparacağı siyasət bu istiqamətdə olmalıdır ki, bütün mənalarda Ermənistanın iqtisadi imkanlarını və rıçaqlarını məhdudlaşdırsın, zərərsizləşdirsin. "Bundan başqa, Ermənistanın Azərbaycana 30 ildə vurduğu maddi, mənəvi zərərə görə beynəlxalq məhkəmələrdə təzminat məsələləri qaldırılmalıdır. Çünki hələ 2014-cü ildə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qiymətləndirmələrinə görə, işğal nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən maddi və mənəvi ziyanın dəyəri 285 milyard ABŞ dolları təşkil edir. Bu rəqəm indiki halda ən azı 350-400 milyard dollara qədər artıb. Həmin zərərin kompensasiyasını Ermənistan heç bir halda ödəyə bilməz. Yəni, ya işğalçı sülh tələblərinə əməl etməli, işğaldakı torpaqlardan çəkilməli, sonrakı 3-5 ildə Azərbaycan vurduğu zərərə görə bəlli təzminat ödəməyə razılaşmalı, elə özü də iqtisadi baxımdan güclənmə mərhələsinə qədəm qoymalıdır, ya da bir yandan koronavirus pandemiyası, digər tərəfdən isə müharibə səbəbindən iqtisadi olaraq tamamilə çökməyi, batmağı göz önünə almalıdır. Hər iki halda seçim ermənilərindir" deyə ekspert sonda bildirib.

 

Azmarka.az