Sığorta agentlərinə qoyulan qadağa sürücüləri çətin duruma saldı

Son aylarda bir çox sürücülər avtomobillərini sığorta etdirərkən əngəllərlə üzləşirlər. Sığorta agentləri avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaqdan imtina edir.

Sumqayıtda yaşayan sürücü Tahir Səmədov İndex.az-a açıqlamasında bildirib ki, bu il yanvarın 18-də ona məxsus maşının sığorta müddəti başa çatıb. Müqaviləni yeniləmək üçün bir gün əvvəl sığorta agentli ilə əlaqə saxlayıb. Lakin əvvəlki qayda ilə sığorta müqaviləsi bağlamağın mümkün olmadığını deyiblər. Bunun üçün yalnız sığorta şirkətinin baş ofisinə getməli olub:

“Sığortanın müddətinin bitməsinə 1 gün qalmış həmişəki kimi sənədləri onlayn qaydada sığorta agentinə göndərdim. Müqaviləni təzələməyi xahiş etdim. Ancaq bildirdi ki, agentlərə motoru kiçik ölçülü olan maşınları sığortalamaq qadağan olunub. Mənim maşım 1.4 motordur. Bunun üçün baş ofisə getməli idim. Ancaq artıq gec idi. Həmin gün evdən çıxsam, maşının sığortası olmadığı üçün cərimə oluna bilərdim. Ona görə məcbur qalıb başqa bir rayondakı sığorta agentli vasitəsilə ilə maşının icbari sığorta müqaviləsini bağlamalı oldum”.

T.Səmədov bununla sığorta şirkətlərinin sürücüləri çətin durumda qoyduğunu bildirib. Onların bu addımının qanuna zidd olduğunu deyb: “Mövcud qanunvericiliyə əsasən, icbari sığortalara şirkətlərin imtina verməsi yolverilməzdir. Əgər hökumət bu qanunu qəbul edibsə, sığorta şirkəti niyə ona əməl etmir? Axı bu, onun borcudur”.

Qeyd edək ki, bu qadağa yalnız Bakı, Sumqayıt və Abşeronda olan maşınlara və agentlərə tətbiq olunur. Sığorta agenti kimi fəaliyyət göstərən Şahin İsmayılov da sürücülərin haqlı narazılığını təsdiq edib. Bir müddət öncə əməkdaşlıq etdiyi bir neçə şirkətdən eyni məzmunlu məktub alıb:

“Bu problemlər təxminən 5 ay əvvəldən başlayıb. Agent olaraq yazdığımız müqavilələrə görə komissiya haqqı alırıq. Bizə mail vasitəsilə bildirdilər ki, bəzi markalı avtomobillərin icbari sığortasını dayandırın. Buraya taksi fəaliyyəti göstərən və motoru kiçik həcmli, dizellə işləyən maşınlar daxildir. Hətta bizə bildirdilər ki, kimsə belə maşınlara sığorta yazarsa, cərimə olunacaq. Mənim 5 sığorta şirkəti ilə agent müqaviləm var. Hər birindən ayrılıqda belə bir xəbərdarlıq məktubu aldım və razılaşdıq. Həmin dövrdə müştərilərə məsləhət gördük ki, onlayn qaydada özü daxil olub sığorta müqaviləsini bağlasın”.

Bir müddət sonra isə həmin maşınların siyahısı genişləndirilib. Sığorta şirkətləri istehsal tarixi 2016-cı ilədək olan avtomobillərə agentlərin icbari sığorta müqaviləsi yazmasını qadağan ediblər. Siyahıya 36 maşın markası daxil edilib.

Ş. İsmayılov bildirib ki, ötən ilin dekabrında isə agentlərə növbəti qadağa gəlib. Sığorta şirkətləri bildiriblər ki, agentlərə gücü 2 motora qədər olan maşınların icbari sığorta müqaviləsini yeniləmək olmaz. Buna görə onlara komissiya verməyəcəklərini deyiblər. Bütün bunlar sığorta agentlərinin fəaliyyətinə ciddi mənfi təsir edib. Bəziləri işini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Sığorta agenti bütün bu qadağaların səbəbini belə izah edib:
“Şirkətlərə bu tipli maşınları sığortalamaq sərfəli deyil. Çünki illik sığorta haqqı çox azdır, sığorta tələbi isə böyükdür. Həcmi 2 motoradək olan maşınların icbari sığortası “bonus-malus” sisteminin tətbiq nəticəsində illik 27 manata düşüb. Adi qaydada 50 manatdı. Həmin sistemə əsasən, il ərzində qəza etməyən sürücü növbəti il üçün sığorta haqqına 5% endirim qazanır. Məsələn, bu gün mənim öz maşınımda 50%-ə qədər endirim var. Sığorta haqqı azdır, ancaq qəza törədən maşınlar isə əsasən taksi fəaliyyəti göstərən avtomobillərdir. Az sığorta haqqı ödəyib əvəzində iri məbləğdə sığorta ödənişi alırlar. Ona görə də sığorta şirkətləri agentlərə onlarla sığorta müqavilələri bağlamağı qadağan etdi. Bununla öz xərclərini azaltmağı hədəfləyirlər”.

Bu yaxınlarda araşdırma nəticəsində məlum olub ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobil sahibi 2 ayda 2 qəza törədib. Ümumilikdə, şirkət qarşı tərəfə 9500 manat ödəniş edib. Maşının sığorta haqqı isə cəmi 45 manatdır. Ona görə də sığorta şirkətləri bu cür müqavilələri bağlamaqda maraqlı deyil. Nəzərə alsaq ki, Azərbaycan bazarında maşınların böyük əksəriyyəti kiçik motorludu. Bu qadağa avtomobil sahiblərinin ciddi narazılığına səbəb olub. Onlayn sistemlər də artıq qapadılıb. Heç kəs fərdi qaydada öz avtomobilinə sığorta müqaviləsi yazıb imzalaya bilmir. Bunun üçün bütün maşın sahibləri sığorta şirkətinin baş ofisinə getməlidi. Çünki icbari sığorta olduğu üçün şirkət müştəriyə imtina verə bilməz.

Qeyd edək ki, illik sığorta məbləğləri 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” qanunla tənzimlənir. Ötən müddətdə həmin rəqəmlər dəyişməyib. Mütəxəssislərin məlumatına görə, son 10 ildə avtomobil bazarında və ehtiyat hissələrinin satışında təxminən 3 dəfə yaxın bahalaşma qeydə alınıb. Lakin sığorta haqlarında heç bir dəyişiklik olmayıb. Ş.İsmayılov da mövcud olan “bonus-malus” sisteminin ləğv olunmasını, sığorta haqları və ödənişlərinin məbləğinin isə artırılmasını təklif edib:
“1,5 motora qədər olan maşınlarda baza qiyməti 50 manat yox, 75 manat, 2 motora qədər olanlarda 100 manat, beləcə həcmi artdıqca məbləğin artırılması məqsədəuyğundur. Belə olmasa sığorta şirkətləri çökəcək. Maşınların xərci də artıb, detallar bahalaşıb. Əgər 3 il əvvəl qəza nəticəsində 2 detalı zədələnən avtomobilə 1500 manat ödəniş edilirdisə, bu gün eyni hala görə ödəniş 3 000 manatdır. Çünki ehtiyat hissələrinin qiyməti qalxıb”.
Məsələyə ekspertlərin yanaşmasını da öyrəndik. Sığorta eksperti Əli Bayramov aylardır davam edən bu narazılıqların ölkəmizdəki sığorta sisteminin problemi kimi qiymətləndirib:
“Bunu tək sığorta şirkətlərinin, sığorta agentlərinin və ya vətəndaşların üzərinə atmaq olmaz. Bilirsiz ki, Azərbaycanda sığorta şirkətləri kommersiya fəaliyyəti ilə məşğuldur və onların əsas məqsədi bu işdən mənfəət əldə etməkdir. Odur ki, onlar əlindən gələni edir ki, müvafiq portfellər üzrə zərərə uğramasınlar. Qanunvericiliyin tələbinə baxsaq, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının aparılmasına dair lisenziyan olan şirkət heç bir vətəndaşa bu sığortanı etməkdən imtina edə bilməz”.

Agentlərlə sığorta şirkətləri arasında münasibətlər vasitəçilik haqqında müqaviləyə uyğun olaraq tənzimləndiyini deyən Ə.Bayramov sığorta şirkətlərinə agentlərə ödənilən komissiyanınin qanunla imperativ norma kimi tətbiq edilmədiyini vurğulayıb. Qanuna əsasən, şirkətlər agentlərə 15%-ə qədər komissiya verə bilərlər.

“Xüsusilə son dövrlərdə pandemiya və digər səbəblərdən inflyasiyanın dərinləşməsi sığortaçıların bu növ üzrə zərərlərini daha da artırır və onlar qabaqlayıcı tədbirlər görürlər. Müqavilə var və əgər müştəri agentlə gəlsə şirkət vasitəçiyə komissiya ödəmək məcburiyyətindədir. İndi bu xərci azaltmaq üçün vətəndaşları birbaşa sığorta şirkətinə müraciət etməyə çağırırlar. Ancaq bu da xərcləri azaltmır. Baş ofisə gün ərzində daxil olan müraciətləri cavablamaq üçün əlavə xərclər tələb olunur. Sığorta şirkətləri öz əməkdaçlarının sayını azalda bilməzlər”.

Belə durumdan çıxış yoluna gəlincə, Ə.Bayramov qanunvericlikdə yeni yanaşmalara ehtiyac olduğunu vurğulayıb: “İcbari Sığortalar haqqında” qanun çoxdan mövcuddur. Artıq əlimizdə çox yaxşı bir data baza var. Nəzarətçi orqan həmin statistikalar üzərindən hesablamalarını yenidən aparsın və yeni yanaşmaların tətbiqinə başlasın. Belə olan halda sistem yenidən işlək hala gələcək. Sistemin iştirakçıları olan şirkətlər, sığorta vasitəşiləri və s. hamısı bundan faydalanacaqlar”.

Sığorta haqlarının qaldırılması, qanunun müddəalarının dəyişdirilməsi kimi yanaşmaların hələki görünmədiyini təəssüflə qeyd edən Ə.Bayramov bunu mövcud sosial durumla əlaqələndirib.

Mövzunu davam etdirəcəyik.