Sığorta şirkətlərinin İT problemləri həllini tapacaq

Azərbaycan Sığortaçılar Assosiasiyasında İT (informasiya texnologiyaları) komitəsinin yaradılması ilə bağlı qərar verilib.

İndex.az ASA-ya istinadən xəbər verir ki, yeni komitənin yaradılması ilə bağlı müvafiq qərar Assosiasiyanın Müşahidə Şurasının cari ilin 2-ci rübünün yekunlarına həsr olunmuş iclasında müzakirə olunaraq qəbul edilib.

Məlumatda bildirilir ki, yeni komitənin yaradılmasında başlıca məqsəd yerli sığorta bazarında fəaliyyət göstərən şirkətlərin informasiya texnologiyaları sahəsindəki ümumi problemlərinin daha çevik və sistemli şəkildə həll edilməsindən, eyni zamanda şirkətlərdəki İT istiqamətinin inkişafının stimullaşdırılmasından ibarətdir. Məlumata görə, komitənin üzv heyətinin formalaşdırılması məqsədi ilə sığorta şirkətlərinə artıq müraciət də ünvanlanıb.

Qeyd edək ki, bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasındakı komitələrin sayı 4-ə çatıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan