"Azərbaycanda tələbə krediti almaq əlçatan deyil" - EKSPERT

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Uzun müddətdir ki, müzakirə olunan tələbə kreditlərini artıq verməyə başlayırlar. Lakin praktikada onu almaq çətin prosedur qaydalarına görə mümkün olmayacaq”.

İndex.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov tələbələrə təhsil kreditlərinin verilməsindəki şərtlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, dünyada 1960-cı illərdən tələbə kreditlərinin verilməsinə başlanılıb və hazırda 61 ölkədə bu kreditlər verilir: “Amma ən çətin kredit verilmə şərtləri və prosedur qaydaları Azərbaycandadır. Demək olar ki, heç bir güzəşt yoxdur və onu almaq əlçatan deyil. Kreditin verilməsi şərtlərində bir-neçə ciddi nöqsan var. Tələb olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsilə müraciət etmək lazımdır. Bunun üçün isə “ASAN Login”ə malik olmaq lazımdır. Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır.

Buna da bax: Yanvarın 1-dən bu şəxslərin pensiyaları artacaq

Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, yəni kredit almaq üçün müraciət edənin adına mobil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli, indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır?

Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı var, o öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin notarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir".

Ekspert qeyd edib ki, www.e-ttkf.edu.az portalında müraciət etmək üçün notarial qaydada təsdiq edilən arayış alınmalıdır: "Bunun üçün isə tələbələr dövlət rüsumu ödəməlidirlər. Axı niyə biz onları mobil nömrə və bir neçə sənədi almaq üçün rüsum ödəməklə əlavə xərcə salırıq? Niyə bizim tələbələr qapı-qapı gəzməlidirlər? Məgər Təhsil Nazirliyinin elektron portalında hər tələbə barədə fərdi məlumatlar yoxdur?

Üçüncüsü, Fond tələb edir ki, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Bu, ciddi məhdudiyyətdir. Təklif edilən kredit faizləri hədsiz dərəcədə yüksəkdir. Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olur. Bu, sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Bu amil də kredit götürülməsi üçün müraciətləri azaldacaq.

Bundan əlavə, kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər, qiyabi təhsil alan tələbələr müraciət edə bilməzlər. Qiyabi təhsil alan tələbələrin əksəriyyəti heç bir yerdə işləmirlər. Məgər heç olmazsa işsiz tələbələrə kredit vermək olmazdı?

Tələb olunur ki, tələbənin akademik borcu olmasın və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olsun. Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır.

Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün kreditlərin qaytarılmasında çətinlik yaranmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik".

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT