Bu mövsüm “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu varmı?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Azəristiliktəchizat" ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə əvvəlki illərdən borcu qalmayıb".

İndex.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında “Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O bildirib ki, hazırkı borclar 2021-ci ildə yaranan borclardır:

“Həm payız-qış, həm də yay mövsümündə isti su rejimində bir çox qazanxanalarımız işləyir. Bu borclar hər ay yaranır. Biz bu borcları ödədikcə növbəti ay qazanxanalar işlədiyi üçün yenidən hər ay borc yaranır. Ötən illərdən qalma heç bir borcumuz yoxdur. Yaranan borcların hamısı cari ilin borclarıdır. Onların da ödənilməsi istiqamətində “Azəristiliktəchizat” tərəfindən zəruri tədbirlər görülür ki, istilik mövsümü vaxtında başa çatdırılsın. Hər büdcə ili bitəndə biz bütün borcları bağlamışıq".

“Bu il borcların yaranması yeni mövsümdə əhalinin istiliklə təmin edilməsində problemlər yarada bilərmi?” sualını ASC rəsmisi belə cavablandırıb:

“Aidiyyatı qurumlara müraciət olunub. Çalışırıq ki, bu ilin borclarının olmasına görə əhalinin istilik təchizatında hər hansı problem ortaya çıxmasın, vətəndaşlarımız bu məsələ ilə bağlı əziyyət çəkməsin. Bütün zəruri tədbirlər görülüb ki, istilik mövsümünə vaxtında başlanılsın”.

Xatırladaq ki, ötən istilik mövsümündə “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu olduğuna görə ASC-ə məxsus qazanxanalara qazın verilməsində məhdudiyyətlər yaranmasını müşahidə etmişdik. Bu səbəblə də əhalinin istiliklə təchizatında problemlər ortaya çıxmışdı.

Qeyd edək ki, noyabrın 1-dən respublikanın dağlıq və dağətəyi rayonlarında yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb. Bu ayın 15-dən isə digər ərazilərdə, o cümlədən Bakı şəhərində istilik təchizatının təmin edilməsinə başlanılacaq. "Azəristiliktəchizat"ın məlumatına görə mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT