Ekspert: "ƏDV güzəşti ekoloji avtomobillərin bazar payını 15%-ə çatdıracaq"

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı gələn il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Milli Məclis bu dəyişikliyi təsdiq edərsə, həmin avtomobillər təxminən 20% ucuzlaşa bilər.

İndex.az xəbər verir ki, məsələni “Report”a şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Azərbaycanda belə bir addımın atılması həm iqtisadi, həm də ekoloji cəhətdən əhəmiyyətlidir: “Bir neçə ildir ki, hökumətin ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsi və ölkə daxilində stimullaşdırılması ilə bağlı tədbirlər planı var. Dəfələrlə sizin media qurumu vasitəsilə bu məsələlərə münasibət bildirmişik. Bu il həmin proqramın tətbiqi ilə bağlı son ildir. Hökumət artıq dövlət proqramı ilə 2021-ci ildə bu məsələlərin fundamental həlli ilə bağlı əsaslı addımlar atılacağını bildirib.

Həmçinin mən bildiyimə görə, artıq hökumətin bəzi strukturlarında aidiyyəti məsələlərlə məşğul olan işçi qrupları yaradılır. Bu onu göstərir ki, ekoloji təmiz avtomobillərin ölkəmizə idxalını stimullaşdırmaq istiqamətində konkret addımlar atılacaq. Bu yaxınlarda Vergi və Gömrük Məcəllələrinə təklif edilən dəyişikliklər bir daha göstərir ki, əsaslı addımların atılmasında hökumət israrlıdır. Bu, həm də sahibkarların ölkəyə ekoloji cəhətdən təmiz avtomobillər gətirməsinə şərait yaradacaq”.

Ekspert hesab edir ki, Azərbaycan Mərkəzi Bankı ekoloji təmiz avtomobillərin kreditləşdirilməsi üçün kommersiya banklarına şərait yaratmalıdır.

“Bu, həm də Azərbaycan iqtisadiyyatında hərəkətlilik yaradacaq. Digər ölkələrə fikir versək görərik ki, onlarda iqtisadiyyatın aparıcı sahəsi avtomobil sektorudur. Bu baxımdan təklif edərdim ki ölkəyə avtomobillərin idxalının stimullaşdırılması ilə yanaşı, onların ölkə daxilində istismarının stimullaşdırılması üçün addımlar atılsın. Əgər bu, birtərəfli qaydada olsa effektiv olmayacaq. Əgər idxal rüsumlarının endirsək və əlavə dəyər vergisini azaltsaq və yaxud tam ləğv etsək, ölkə daxilində vətəndaşlar onu ala bilməsə o zaman bunlara nə ehtiyac var? Hesab edirəm ki bu səbəbdən istiqamətlər müəyyən edilməli və paralel addımlar atılmalıdır.

İlk olaraq ekoloji təmiz avtomobillərin kreditləşdirilməsi sadələşdirilməlidir. Banklar ekoloji təmiz avtomobil almaq istəyən vətəndaşa mütləq güzəştli kredit verməlidir. İlkin olaraq həmin vətəndaşlardan avtomobilin dəyərinin 20%-i alına, məbləğin qalan hissəsi isə 9-10%-dən rəsmiləşdirilə bilər. Bu isə vətəndaşa şərait yaradacaq ki, əlində olan vəsaiti istifadə edərək ekoloji təmiz avtomobili alsın.

Bunun özünün həm iqtisadi həm də səhhətimizin qorunması baxımından əhəmiyyəti böyükdür. Belə ki, bu gün bizim ən böyük vəzifələrimizdən biri CO2 qazının azaldılmasıdır. Çünki, bu bizim gəlirlərdən daha üstündür. Bu, həm də bank sistemində hərəkətliliyə gətirib çıxaracaq. Həmçinin illərlə köhnə avtomobillərin utilizasiyası ilə bağlı müzakirələr aparırıq. Bu isə bizə imkan yaradacaq ki, köhnə nəqliyyat vasitələri avtomatik istismardan çıxsın. Bir sözlə, məcburi yaxud könüllü utilizasiyaya ehtiyac qalmayacaq.

Bu gün Azərbaycan vətəndaşlarının ekoloji təmiz avtomobilləri marağı böyükdür. İndi ölkədə hibrid avtomobillər nəqliyyat vasitələri bazarının 10%-ni təşkil edir. Ümid edirik ki, tezliklə bu nisbət 15%-ə qalxacaq”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT