Minlərlə insanın yolsuzluq problemi bu il də həll olunmayacaq - RƏSMİ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Sabunçu rayonu Kürdəxanı qəsəbəsindən 10 minə yaxın insanın məskunlaşdığı ərazidə yolsuzluq problemi sakinləri təngə gətirib.

Index.az-a müraciət edən sakinlər bildirir ki, 2020-ci ildə adıçəkilən ərazidə olarkən Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məhəllələrarası yolların təmiri ilə bağlı göstəriş verilib: "Söhbət ACCOPEN zavodu ilə üzbəüz məhəllələrdən gedir. Qışda buralar palçıq, hətta bataqlıq olur və biz 21-ci əsrdə paytaxtda qaloş və sellofandan istifadə etmək məcburiyyətindəyik. Antisanitariya da baş alıb gedir... Yaz-yay mövsümündə isə toz-torpaq olur. Niyə AAYDA Mehriban xanım Əliyevanın tapşırığını icra etmir? Düz 1 il keçib".

Sakinlərin sözlərinə görə, AAYDA problemi həll etmək əvəzinə, durumu görməzdən gəlir. Bu azmış kimi, AAYDA Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ona şikayətlərini yazan vətəndaşları sosial şəbəkə hesabında bloklayıb. "Üstəlik, AAYDA-nın rəsmi səhifəsində də bizi bloklayıblar", - deyə şikayətçilər əlavə edir.

Vətəndaşlar kanalizasiya sisteminin olmamasından da gileylənir.

Sabuncu Rayon İcra Hakimiyyəti də sakinlərin problemlərinə biganə yanaşır.

AAYDA Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Index.az-a açıqlamasında bunları bildirib: "Bu məsələ ilə bağlı müraciət edən hər bir şəxsə rəsmi və qeyri-rəsmi olaraq cavab verilib. Belə çıxır ki, insanlar verilən cavablardan qane olmurlar və nəticədə müxtəlif yerlərdə şikayətlərini bildirirlər. Bir daha rəsmi olaraq bildiririk ki, Bakı şəhərinin qəsəbədaxili bütün küçə və yolları yerli icra strukturlarının balansındadır. Bu, birmənalı şəkildə belədir. Amma 2019-cu ildən ölkə başçısı Bakı şəhərinin qəsəbədaxili küçə və yollarının təmirinin Agentliyimiz tərəfindən aparılması ilə bağlı tapşırıqlarını verib. Bu tapşırığın icrası olaraq, son 2 il ərzində 600 km-dən çox bu cür yol və küçə təmir olunub. Ən çox təmir olunan ərazilərdən biri də Sabunçu rayonudur. 2019-cu ildə Sabunçu rayonu ərazisində, o cümlədən Kürdəxanı qəsəbəsi də daxil olmaqla 87 km uzunluğunda olanda 135 küçəyə asfalt-beton örtüyü döşənmişdir. Bunun ən çoxu Kürdəxanı qəsəbəsinin ərazisinə düşür. 2019-2020-ci illər ərzində isə Sabunçu rayonu üzrə 200 km-dan çox yol təmir olunub. 2021-ci ilin cari investisiya proqramına uyğun olaraq Sabunçu rayonu üzrə 9 km uzunluğunda olan küçələrin təmiri nəzərdə tutulub və bu işlər yekunlaşmaq üzrədir. Növbəti illər üzrə investisiya proqramı üzrə hansısa küçə və yollarda təmir-tikinti işləri nəzərdə tutulubsa, biz bunu icra etməyə hazırıq. Birmənalı şəkildə qeyd edirəm ki, 2019, 2020 və 2021-ci illər üzrə investisiya proqramları üzrə nəzərdə tutulan bütün küçə və yollarda tədbirləri icra etmişik. Şikayət daxil olan əraziyə gəlincə, həmin ərazidə təmir işləri nəzərdə tutulmayıb ki, icra olunmayıb. Burada hansı tapşırığın icra olunmamasından söhbət gedə bilməz. Vətəndaşlar bunu anlamalıdır ki, birdən-birə bu qədər ərazini təmir etmək mümkün deyil. Təsəvvür edin ki, 2019-cu ilədək Bakı şəhəri üzrə qəsəbədaxili küçə və yollarda təmir işləri icra olunmayıb. 2019-cu ildən etibarən Agentlik olaraq bu işləri biz görməyə başlamışıq. 2500 km uzunluğunda küçə və yolun təmirə ehtiyacı var. Təbii ki, bu işləri birdən-bir etmək mümkün deyil. Buna görə, bunlar investisiya proqramına salınaraq icra olunur".


Minlərlə insanın yolsuzluq problemi bu il də həll olunmayacaq - RƏSMİ







ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT