Image description

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 17%-dən 19%-ə yüksəldib.
İndex.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Mərkəzi Bankın bu qərarından sonra Türkiyə uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkələrin sıralamasında 7-cı sıraya yüksəlib.
Məlumat üçün qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (19%) uyğun olaraq Mərkəzi Bankdan 100 lirə götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 19 lirə (cəmi 119 lirə) ödəməli olacaq.
İnkişaf etmiş iqtisadiyyatlarda faiz dərəcələri adətən sıfıra bərabər olur. Hazırda Avropa Birliyinə daxil olan ölkələrin böyük əksəriyyətində - Almaniya, Fransa, İtaliya, İspaniya, Latva, Litva, Kipr, Hollandiya, Lüksemburq, Avstraya və digər ölkələrdə uçot faiz dərəcəsi sıfıra bərabərdir. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-da uçot faiz dərəcəsi cəmi 0,25%-ə bərabərdir.
Uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkə isə Venesuela hesab olunur. Bu ölkədə uçot faiz dərəcəsi 45,34% təşkil edir. Uçot faiz dərəcəsinin yüksək olduğu ölkələrin sıralamasında ilk yerlərdə 40%-lə Zimbabve, 38%-lə Argentina, 27%-lə Yəmən, 25%-lə Liberiya və Surinami, 19%-lə Türkiyə, 18,5%-lə Konqo, 18%-lə İran, 17%-lə Haiti qərarlaşıb.

Region ölkələridə isə uçot faiz dərəcələri belə olub:
Türkiyə - 19%
İran - 18%
Özbəkistan - 14%
Tacikistan - 11%
Qazaxıstan - 9%
Gürcüstan – 8,5%
Belarus – 7,75%
Ukrayna - 6,5%
Azərbaycan - 6,25%
Ermənistan -5,5%
Qırğızıstan - 5,5%
Rusiya - 4,25%
Moldova - 2,65%