"Bank Melli İran" Bakı filialına yatırılan milyonlar hara gedib?

"Bank Melli İran" Bakı filialı 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 963 min 855 manat xalis mənfəət əldə edib.

Index.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7.2% çoxdur. Filial ötən ilin eyni dövrünü 898 min 730 manat xalis mənfəətlə bağlamışdı.

Cari ilin 9 ayında bankın faiz gəlirləri 2 milyon 585 min 659 manat (+33.2%), haqq və komissiya gəlirləri 139 min 593 manat (+31.6%), xarici valyuta əməliyyatları üzrə gəlirlər 568 min 619 manat (+67.8%) təşkil edib. Ötən ilin eyni dövründə filialın faiz gəlirləri 1 milyon 940 min 314 manat, haqq və komissiya gəlirləri 105 min 998 manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər 338 min 804 manat təşkil etmişdi.

Bu il "Bank Melli İran" Bakı filialı aktivlər üzrə ehtiyatların yaradılmasına 876 min 838 manat ayırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.7 dəfə çoxdur. Artım aktivlər üzrə risklərin yüksəlməsinə işarədir.

Ötən ilin sonu ilə müqayisədə "Bank Melli İran" Bakı filialının müştərilərə verdiyi cəmi kreditlər 4 milyon 715 min 237 manat və ya 90% artaraq 9 milyon 937 min 66 manata çatıb.

Hesabat dövründə filialın cəmi aktivləri 4.2% azalaraq 53 milyon 81 min 522 manata düşüb. Azalma əsasən qiymətli kağızlara investisiyaların 30.2% azalaraq 15 milyon 662 min 546 manata geriləməsi ilə əlaqədardır.

"Bank Melli İran" Bakı filialına 73 milyon 611 min manat nizamanmə kapitalı yatırılsa da, yığılmış 35 milyon 268 min manat zərərə görə cəmi kapitalı 38 milyon 343 manatdır. "Bank Melli İran" Bakı filialınnın məcmu kapitalı, banklar üçün 50 milyon manat olan minimal kapital tələbdən aşağı olsa da, Azərbaycan bu banka güzəşt edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan