Bahalaşma da, inkişaf da davam edəcək - YENİ PROQNOZ

Dünya Bankı (DB) iqtisadiyyatın daha fəal şəkildə bərpası fonunda 2021-ci il üçün Azərbaycan iqtisadiyyatının artım göstəricisini iyunda proqnozlaşdırdığı 2.8%-dən 5%-ə qədər yaxşılaşdırıb.

"2021-ci ildə Azərbaycanda ÜDM-in artım templərinin həm neft, həm də qeyri-neft sektorlarının sürətlə bərpası hesabına 5%-dək sürətlənməsi gözlənilir", - deyə "İnterfaks-Azərbaycan" agentliyi bankın bu gün dərc olunmuş Avropa və Mərkəzi Asiya regionu iqtisadiyyatına dair hesabatına istinadən bildirir.

Bankın qiymətləndirmələrinə görə, 2021-ci ildə qeyri-neft sənayesi, xidmət və kənd təsərrüfatı sektorunun fəal şəkildə bərpası fonunda qeyri-neft sektoru 7.1% artacaq.

Eyni zamanda, Bank 2022-ci il üçün proqnozu 4.5%-dən 3.1%-dək, 2023-cü il üçün isə 3.4%-dən 2.7%-dək azaldıb.

"2022-2023-cü illərdə ÜDM-in orta illik artım tempi 2.9%-dək azalacaq. Bu dövrdə artım dövlət investisiyalarının həcminin artırılması, eləcə də qeyri-enerji sektorları hesabına dəstəklənəcək. Bundan başqa, OPEC+ razılaşması çərçivəsində Azərbaycanın kvotasının artırılması, həmçinin qaz hasilatının artması da artım tempinə təsir göstərəcək", - deyə hesabatda vurğulanır.

DB-nin qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 5.5%-dək (2020-ci ildə 2.8%) qədər artacaq. 2022-ci ildə inflyasiya 4.5%-ə qədər, 2023-cü ildə isə 4.1%-ə qədər azalacaq.

Enerji daşıyıcılarının qiymətinin artması tədiyə balansının göstəricilərinə müsbət təsir göstərəcək. Xüsusilə 2021-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 6.9%-ni (2020-ci ildə ÜDM-in 0.5%-i səviyyəsində kəsir), 2022-ci ildə ÜDM-in 6.4%-ni, 2023-cü ildə ÜDM-in 4.5%-ni təşkil edəcək.

DB, həmçinin qeyd edir ki, Azərbaycan hökuməti iqtisadiyyatda mövcud struktur çatışmazlıqlarının aradan qaldırılmasına yönəlmiş 2030-cu ilə qədər iqtisadiyyatın inkişafına dair proqramı təqdim edib.

2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4.3% azalıb, inflyasiya 2.8% təşkil edib.

Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 4.6%, orta illik inflyasiyanı 4.9% səviyyəsində proqnozlaşdırır.*

Bizi Facebook-da izləyin: INdexAzerbaijan