Millət vəkili: “Xudafərində yeni gömrük məntəqəsi qurulacaq”

"Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərin sənaye potensialının reallaşması, xüsusən həmin ərazilərdə sənaye parklarının yaradılması başlıca prioritet məsələlərdən hesab olunurdu. Bu mənada bu gün Cəbrayılda sənaye parkının yaradılması bütövlükdə Şərqi Zəngəzurun kommunikasiya və tranzit imkanlarının artması ilə bağlıdır”.

İndex.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov Prezident İlham Əliyevin "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında" imzaladığı fərman haqda danışarkən deyib.

Millət vəkili qeyd edib ki, Xudafərində yeni gömrük məntəqəsinin fəaliyyətə başlayacağı gözlənilir: "Zəngəzur dəhlizi istifadəyə veriləcəyi təqdirdə Şərqi Zəngəzurun əhəmiyyəti daha da artacaq. Belə ki, Şərqi Zəngəzur Naxçıvan ilə ölkənin quru bağlantısının qurulmasında mühüm tranzit rolu oynayacaq.

"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, həmçinin həmin ərazilərdə istehsal ediləcək mallar üçün yeni imkan deməkdir. Şərqi Zəngəzura daxil olan rayonların təbii ehtiyatları böyükdür. Bu da təbii ki, sənayə məhsullarının inkişafı üçün böyük imkanlar yaradır. Ümumilikdə "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Şərqi Zəngəzur daxil olmaqla, ölkə miqyasında geniş iqtisadi imkanlar yaradacaq”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan