Aqroparklar 1 milyard manatlıq investisiya təşviqi sənədi alıb

"Hazırda Azərbaycanın 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir".

İndex.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda tədbirdə bildirib.

"Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir. Belə ki, 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 173 milyon manat güzəştli kredit, Nazirlik isə 27 aqroparka 1 milyard manatlıq investisiya təşviqi sənədi verib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 milyon manat dəyərində güzəşt əldə edib. Bu günədək aqroparklara 1 milyard manatdan çox özəl investisiya qoyulub.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. İndiyə qədər aqroparklarda ümumi olaraq 5 000-ə qədər insan daimi, 4 500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur", - deyə o, qeyd edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan