Pandemiya ilə əlaqədar maliyyə sektoruna dəstəkləyici Tədbirlər Paketinin vaxtı uzadılıb

Pandemiya ilə əlaqədar maliyyə sektoruna dəstəkləyici Tədbirlər Paketinin vaxtı uzadılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq ötən il 24 aprel tarixində təsdiq etdiyi maliyyə sektoruna dəstəkləyici Tədbirlər Paketinin vaxtını uzadıb.

İndex.az AMB-yə istinadən xəbər verir ki, maliyyə sektorunun cari vəziyyəti, maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla AMB requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və adekvat qərarlar qəbul edir.

İqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində AMB-nin İdarə Heyətinin bugünki qərarına əsasən requlyativ dəstək tədbirlərinə yenidən baxılıb, ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb. Belə ki, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılıb və 1 yanvar 2022-ci il tarixinə qədər qüvvədə saxlanılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan