Yeni mövsümdə teatr və kinoteatrlarda biletlərin qiyməti artacaqmı?

Teatr və kinoteatrların oktyabrın 1-dən fəaliyyətini bərpa etməsi bilet qiymətlərini gündəmə gətirib. Bəs bu müddət ərazində qapalı qalan mədəniyyət ocaqlarında qiymət artımı olacaqmı?

İndex.az xəbər verir ki, “Report”un əməkdaşı məsələ ilə bağlı bir neçə teatr və kinoteatrla əlaqə saxlayıb.

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bildirib ki, qiymət artımı məsələsi müzakirə mövzusu olmayıb. Onun sözlərinə görə, bu barədə heç danışıqlar da baş verməyib.

Şəki Dövlət Dram Teatrından qeyd edilib ki, qiymət artımı gözləniləndir: “Xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin tətbiqindən sonra fəaliyyətə başlayacaq teatrda həm tamaşaçı sayının az olması, həm də mövcud vəziyyətdən çıxmaq məqsədi ilə bilet qiymətlərində 50 % qiymət artımının olacağı gözləniləndir”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova vurğulayıb ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasında həyata keçirilir: “Uşaq tamaşaları üçün 3, böyük tamaşaları üçün isə biletin qiyməti 5 manatdır”.


Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, qiymət artımı ilə bağlı heç bir yenilik yoxdur: “Ümumiyyətlə, bu məsələ müzakirə olunmur. Bu səbəbdən qiymətlər pandemiyadan əvvəl olduğu kimi, yəni 6-8-10 AZN olaraq qalır”.

"Cinemaplus” kinoteatrlar şəbəkəsinin marketinq direktoru Nara Həsənova da qeyd edib ki, qiymət artımı ilə bağlı hələlik hər hansı bir qərar yoxdur.

"Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev qiymətlərin dəyişməyəcəyini qeyd edib: "Bütün tariflər ("Tələbə tarifi", "Supergün", "Supergün IMAX-da" və s.) qalacaq. Müddəti bitmiş amma istifadə olunmamış dəvətnamələr ilin sonunadək etibarlıdır".

Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bildirib ki, hazırda biletlərin qiymətlərində hansısa dəyişiklik nəzərdə tutulmayıb: “Amma film verən kampaniyalar qiymətləri qaldırsalar, yəqin ki, bu barədə fikirləşəcəyik. Hazırda qiymət artımı gözlənilmir”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan