Mərkəzi Bank: Azərbaycanda kreditə olan tələb yüksəlir

“Azərbaycanda monetar şərait antiinflyasiya xarakteri daşımaqdadır”.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı ötən həftənin cümə günü açıqlamasında deyib.

AMB qeyd edir ki, dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalmaqdadır və proses davam edir. Lakin o da qeyd edilir ki, kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilmir. İnflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasını şərtləndirir.

Dövlət büdcəsinin profisitli icrası və vahid xəzinə hesabının dinamikası pul bazasının aşağı templi artımını şərtləndirmişdir. Pul bazası 8 ayda 4.5% artmışdır.

“İqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi kreditlərə olan tələbi yüksəldir. Bank sisteminin kredit portfeli avqust ayında 1.6%, ümumilikdə 8 ayda isə 7.4% artmışdır. İstehlak kreditləri 12.9%, ipoteka kreditləri 12.2% artmışdır”.

Mərkəzi Bankın açıqlamasına görə Azərbaycanda de-dollarlaşma meyilləri davam edir. Avqustda dollarlaşma fiziki şəxslərin depozitləri üzrə 44.7%-ə, kredit portfeli üzrə isə 26.8%-ə enmişdir.

Requlyator əlavə edib ki, Mərkəzi Bank pul siyasəti qərarları qəbul edərkən milli valyutada yığımların cəlbedici olaraq qalması və kredit qoyuluşlarının balanslı şəkildə artımını da diqqətdə saxlayır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan