Avropada qaz niyə bahalaşır?

Sentyabrın 15-də Avropada təbii qazın hər 1 000 kubmetrinin qiyməti 970 ABŞ dollarına çataraq tarixi rekord vurdu.

Bu ilin əvvəli ilə müqayisədə avropalılar "mavi yanacağ"ı təxminən 4 dəfə baha alırlar.

Bəs "köhnə qitə"də qaz niyə bahalaşır və qaz ixracı ilə məşğul olan Azərbaycan bundan nə qədər irəli düşür?

İndex.az xəbər verir ki, bu barədə “Report”a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Avropanın qaz bazarındakı rekord qiymətlərin bir sıra fundamental səbəbləri var: “Bunlardan biri və əsası iqlimlə bağlıdır. Belə ki, 2017-ci ildən bu yana Avropada qış kifayət qədər mülayim keçirdi. Buna görə də enerjiyə, o cümlədən qaza tələbat aşağı idi. İş o yerə gəlib çatmışdı ki, qazın qiyməti ötən ilin mayında ilk dəfə hər 1 000 kubmetr üçün 70 dollardan aşağı düşdü. Lakin dekabr ayından başlayaraq vəziyyət kəskin şəkildə dəyişdi. Avropaya sərt qış gəldi və əvvəlki illərin yaratdığı arxayınlıqdan dolayı “köhnə qitə"nin buna hazır olmadığı ortaya çıxdı. Qaz dekabrın 25-26-da 200 dollara kimi bahalaşdı. Qiymətlərin sonrakı aylarda artması istilik mövsümünün may ayına kimi uzanması ilə bağlı oldu. Bunun nəticəsi olaraq mayın 5-də qiymət 300 dollar həddini keçdi. Belə ki, adətən yeraltı qaz anbarlarına vurulan qazın yalnız 70%-i istifadə olunurdu. Qış mövsümünün uzanmasından dolayı anbarlarda cəmi 12-15% qaz var idi. Anbarları yenidən doldurmaq üçün böyük həcmdə qaz tələb olunurdu. Tələbin artması avtomatik olaraq bahalaşmaya gətirib çıxardı. Bu azmış kimi sərt qışı qızmar yay əvəz etdi. Elektrik enerjisnə tələbin kəskin artması təbii qazın bahalaşma tempini daha da sürətləndirdi. Bu minvalla iyunun 24-də qiymət 400 dollar, iyulun 29-da 500 dollar həddini keçdi. Avqustda isə bir neçə tarixi rekord yeniləndi və qazın qiyməti 700 dollara kimi artdı. Proses sentyabr ayında da davam etdi. Sentyabın 13-də Rusiyada və Avropanın bir sıra ölkəsində payız istilik mövsümü başladı. Elə həmin gün qazın qiyməti ilk dəfə 800 dolları keçdi. Nəhayət çərşənbə günü ticarət gedişatında təbii qazın birja qiyməti kəllə çarxa çıxdı. Cəmi bir neçə saat ərazində 100 dollardan çox bahalaşaraq 970 dollara yaxınlaşdı. Bazardakı bu ajiotaj həm də yeraltı qaz anbarlarının cəmi 70%-nin dolu olması fonunda baş verdi. Belə ki, adətən bu vaxta kimi anbarların 80-85 % dolu olurdu. Düzdür, qiymət sonra aşağı düşsə də, bu gündən artım yenidən bərpa olunub. Yuxarıda qeyd etdikləmiz qiymət artımının sadəcə bir amilidir. Burada “Şimal axnı-2“ ilə bağlı Rusiya ilə ABŞ arasındakı siyasi-iqtisadi gərginliyi, yüksək qiymətlərdən dolayı LNG-nin Asiya bazarına yönəlməsi, “Qazprom”un Yeni Urenqoydakı zavodunda avqustda baş verən qəza kimi qiymət artıma təsir edən digər amillər var".


Onun sözlərinə görə, qazın qiymətlərinin yüksək olması Azərbaycanın da gəlirlərini artırır: "Azərbaycan Avropada təbii qazını faktiki olraq bu ildən satır və bu bazara qaz çıxarmağımız Azərbaycan üçün uğurlu olub. Belə ki, 1998-ci ildə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil etdiyimiz ilk neft dünya bazarına mart ayında çıxdı. O zaman neftin bir barelinin qiyməti 10 dollara düşmüşdü, il ərzində orta ixrac qiyməti 14 dollar idi. Yəni biz neftimizi dünya bazarına çıxaranda onun sərt üzü ilə qarşılaşdıq. İndi isə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Düzdür, Azərbaycan öz qazının bir kubmetrini belə “Qazprom”dan fərqli olaraq hərraclarda satmır. Bizim qaz uzunmüddətli müqavilələr əsasında satılır. Lakin istənilən halda həmin bazarda qazın qiyməti Avropa qaz bazarının təsirlərindən kənarda almır. Yəni tələbat yarananda qazın qiymətləri artır. Bu baxımdan birmənalı şəkildə 2021-ci ildə qazın qiymətlərinin yüksək olması bizim də gəlirlərimizi artırır. Qaz bazarındakı hazırki vəziyyət əslində dolayısı ilə neft gəlirləmizin də artmasını səciyyələndirə bilər. Belə ki, Avropada artıq elektrik stansiyalarında təbii qaza yox, mazuta üstünlük verməyə başlayıblar. Neft ekvivalenti ilə qazın qiyməti 120 dollar, neftin özünün qiyməti isə 75 dollardır. Mazut neftin emalı zamanı istehsal zəncirinin son məhsuludur. Yəni xərclərə qənaət baxımından kifayət qədər böyük fərq yaranır. Bu fakt enerki şirkətlərini elektrik enerjisinin istehsalında neft məhsullarına keçməyə sövq edəcək. Neftə olan tələbatın artması nəticəsində onun qiyməti oktyabr ayına kimi 100 dolara kimi arta bilər. Əbəttə ki, böhran aradan qalxdıqca qiymətlər əvvəlki səviyyəyə və yaxud daha aşağı düşə bilər. Buna baxmayaraq neft ixrac edən ölkə kimi qısamüddətli olsa belə gəlirlərimizdə bunun müsbət təsirlərini görəcəyik”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan