Xaricdən gətirilən hibrid avtomobillərin sayı və gömrük dəyəri açıqlandı

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 56 min 361 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

İndex.az Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, ölkəyə gətirilən avtomobilləri ümumi gömrük dəyəri 571 milyon 757,8 min dollar olub.

Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 10 min 144 dollar (17 min 246 manat) olub. Yanvar-avqust ayları ərzində Azərbaycana 52 min 488 ədəd minik avtomobilləri, 123 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 min 675 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 75 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bundan başqa xaricdən 7 min 234 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 55 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 6 min 195 dollar (10 min 532 manat) olub. Yalnız elektrik mühərrikilə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 33 min 571 dollar (57 min 070 manat) olub.

Məlumat üçün bildirək ki, ötən ilin analoji dövrü ilə müqayisdə avtomobillərin idxalı kəskin artıb. Belə ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 33 min 178 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.

Diqqət çəkən məqamlardan biri də, idxal olunan elektrik mühərrikilə hərəkətə gətirilən avtomobillərin sayının kəskin azalması olub. Bu növ avtomobillərin idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azalıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan