Dünyada günəş enerjisi bahalaşır

Günəş enerjisindən istifadə sektorunda qiymətlər son illər aramsız artım göstərir.

İndex.az CNBC-yə istinadən xəbər verir ki, ABŞ Günəş Enerjisi Müəssisələri Assosiasiyası (SEIA) və “Wood MacKenzie” məsləhətləşmə şirkətinin hesabatına əsasən, bunun mühüm amili günəş panelləri istehsalında polad və alüminium kimi başlıca xammalın bahalaşmasıdır.

“Rystad Energy” enerji tədqiqatları mərkəzinin ötən həftə açıqlanmış hesabatına görə, bu il dünya günəş panelləri bazarında qiymətlər 16 faiz artıb. İlin yekununda həmin məhsul istehsalının maya dəyərinin isə 12 faiz artım göstərəcəyi güman edilir. Bu da qarşıdakı bir neçə il ərzində tələbata mənfi təsir göstərə bilər.

Qeyd edək ki, son 10 il ərzində günəş enerjisi istifadəsinin maya dəyəri 80 faizdən çox azalıb. Eyni zamanda, külək enerjisi qurğularının fəaliyyəti quruda 40 faiz, dənizdə 30 faiz ucuzlaşıb. Bunun başlıca amilləri bərpa olunan enerji sahəsinə sərmayə axınının artması, habelə elektrik təchizatında bərpa olunan enerji payının artması istiqamətində rəsmi səviyyədə atılan addımlardır.

Bununla yanaşı, ABŞ-da cari ilin ikinci rübündə günəş enerjisi stansiyalarının məcmu gücü 5,7 gVt, ötən ilə nisbətən isə 45 faiz artıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan