Ölkədə 6 müvəqqəti seysmik stansiya quraşdırılacaq

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ–ın Missuri Universiteti və Ukrayna Elm və Texnologiya Mərkəzinin “Qafqaz kəsilişi” birgə layihəsi çərçivəsində işlər davam etdirilir.

Mərkəzdən bildirilib ki, bununla bağlı amerikalı seysmoloqlar–ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol, universitetin elmi işçiləri Utku Koçum və Oğuzxan Yalvac Azərbaycanda səfərdədirlər.

Səfər çərçivəsində amerikalı mütəxəssislərin iştirakı ilə layihə çərçivəsində nəzərdə tutulmuş proqrama əsasən müvəqqəti quraşdırılmış bir neçə stansiyanın yerləri dəyişdiriləcək. Həmçinin Ucar rayonunda bir (1), Ağcabədi rayonunda dörd (4), Füzuli rayonunda isə bir (1) ədəd müvəqqəti seysmik stansiyalar quraşdırılacaq. Bununla yanaşı amerikalı mütəxəssislərin iştirakı ilə rayonlarda yerləşdirilmiş müvəqqəti stansiyalardan məlumatlar köçürülərək emala yönəldiləcək.

Erik Sandvolun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində RSXM əməkdaşları ilə seysmotomoqrafiya işlərinin aparılması, eləcə də toplanmış məlumatların emalı ilə bağlı müzakirələr aparacaqlar. Səfər çərçivəsində seysmik stansiyalara texniki xidmət göstərilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, “Qafqaz kəsilişi” layihəsinin həyata keçirilməsində əsas məqsəd Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasıdır. Layihənin icrasına 2017–ci ildən başlanılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan