COVID-19 peyvəndinin birinci dozası öz effektini neçə gün sonra itirir?

Ölkəmizdə peyvəndləmə prosesi sürətlə davam edir. Azərbaycanda birinci doza peyvənddən 28 gün keçdikdən sonra ikinci doza vurulur. Peyvənd vurulduqdan 14 gün sonra isə immunitet formalaşır. Ekspertlər bildirir ki, peyvəndin dozaları arasında intervallar istehsalçı tərəfindən klinik tədqiqatların nəticələrinə əsasən təyin edilir. Bu araşdırmaların nəticələrinə görə, istehsalçı tərəfindən təyin olunan intervala riayət olunarsa, peyvəndin təsiri daha effektiv olar. Bu səbəbdən, ikinci dozanın müəyyən olunmuş vaxtda alınması vacibdir.

Index.az xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Peyvəndlər arasındakı intervallar firmalarına görə dəyişə bilir. “Pfizer az/ BioNTech” peyvəndini ikinci dozası altı həftə sonra vurulmalıdır. İkinci dozadan yeddi gün sonra maksimum qorunma effekti verir. “Moderna” üçün interval dörd həftə müəyyənləşib. Maksimum qoruma effekti ikinci dozadan 14 gün sonradır. “AstraZeneca” peyvəndinin ikinci dozası 28 gün sonra vurulur və ikinci dozadan 15 gün sonra qorumağa başlayır. Ölkəmizdə ən çox istifadə olunan Çinin “SinoVac” şirkətinin istehsalı olan “CoronaVac”ın da intervalı 28 gündür. Peyvəndin ikinci dozası tətbiq edildikdən sonra iki ay ərzində 70 faiz qorumanı təmin etdiyi bildirilir.

Koronavirus peyvəndlərinin birinci və ikinci dozaları arasındakı maksimum intervaldan danışan rusiyalı həkim Boris Çuradze deyir ki, əgər ikinci peyvənd göstərilən müddət ərzində həyata keçirilə bilmirsə, prosedur bir neçə həftə təxirə salına bilər. Həkimin sözlərinə görə, bu, xüsusən sağlamlıq problemləri olduqda edilir: "Pandemiya şəraitində hüceyrə və humoral immunitetin hədəflərinə tez bir zamanda çatmaq üçün son tarixlərə riayət etmək vacibdir. Birinci peyvənddən altı ay keçirsə və ikinci peyvənd tətbiq edilməyibsə, yenidən peyvənd edilməlidir. Çünki ilk doza artıq öz təsirini itirir”.

Mütəxəssislər “Sinovac-CoronaVac” peyvəndinin əzələdaxili olaraq iki dozada (0,5 ml) istifadə edilməsini tövsiyə edirlər. ÜST birinci və ikinci dozalar arasında 2-4 həftə ara verməyi məsləhət görür. İkinci doza birinci dozadan dörd həftədən az müddətdə tətbiq olunarsa, dozanın təkrarlanmasına ehtiyac yoxdur. 28 günə qədər ikinci doza vurula bilər. Amma dörd həftədən çox gecikirsə, peyvənd artıq təsirini itirməyə başlayır. Mümkün olan ən tez vaxtda vurulması mütləqdir.

İnfeksionist Mərdan Əliyev deyir ki, ən geci 56 gün sonra birinci doza öz effektini tam itirir:

“Birinci doza peyvənddən 28-30 gün sonra ikinci dozanın vurulması məsləhətdir. Peyvəndin ikinci dozasını 56 günə, təqribən 2 aya qədər vurdurmaq olar. Amma bu müddət ötərsə, o zaman ikinci doza yox, yenidən birinci doza vurulur. Çünki birinci doza bu müddət ərzində artıq effektini tam itirmiş hesab olunur. İdeal interval 28 gündür. Əgər peyvəndin qoruyuculuq qabiliyyətinin daha çox olmasını istəyirsinizsə, dozalar arasındakı intervalı aşmamalısınız. Ümumi qayda budur”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan