“Azərxalça”nın istehsal etdiyi xalçaların qiyməti neçəyədir?

Bu gün “Azərxalça” ASC jurnalistlərin Lənkəran emalatxanasına mediaturunu təşkil edib.

İndex.az xəbər verir ki, mediaturun əsas məqsədi toxunan modern tipli xalçaların təqdimatıdır.

Lənkəran emalatxanasının direktoru Nargilə Qəmbərova jurnalistlərə açıqlamasında deyib ki, emalatxanada 89 toxucu xanım çalışır:

“Bu emalatxana “Azərxalça” ASC-nin ən çox toxucusu olan və ən geniş emalatxanasıdır. Toxucu xanımlardan ən gəncinin 20, ən yaşlısının isə 62 yaşı var. Bu günə qədər bu emalatxanada 451 xalça toxunub və Bakıya satış mərkəzinə göndərilib.

Burada müxtəlif növ çeşnilərdə xalçalar toxunur, lakin üstünlük cənub zonasına xas xalçalara verilir.

Eyni zamanda müasir xalça bazarındakı tələbata uyğun olaraq, ilk dəfə pastel tonlarda modern xalça da məhz burada toxunub. Qarabağ adlı modern xalçanın ölçüləri 1,55x1 metrədir. Xalçanı Səfərova Səmayə adlı toxucumuz toxuyub”.

N.Qəmbərova onu da qeyd edib ki, bütün toxunan xalçalar tarixi çeşnilərə, naxışlara əsaslanır, sadəcə olaraq yeni dizayn üslubunda hazırlanaraq satışa çıxarılır:

“Xalçalar yenə də Qarabağ, Lerik, Lənkəran, Bakıya məxsusdur, sadəcə onlara bir qədər daha müasir forma verilib. Bu həm də xarici bazarda müştərilərin tələbatına uyğundur”.

Bu günə qədər Lənkəran emalatxanasında istehsal edilən ən böyük xalçanın ölçüsü 24 kvadratmetr olub.

“Bu günə qədər iki ədəd 24 kvadratmetrlik xalça toxunub olub. Ümumilikdə isə balaca xalçalarda 1 kvadratmetri 600 manatdan yuxarı, böyük xalçaların satışı isə 1 000 manatdan yuxarı hesablanır”.

“Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva isə bildirib ki, qurumun artıq ilk satış mərkəzi də fəaliyyətə başlayıb:

“Satış mərkəzi İçərişəhərdə Böyük Qala 15 ünvanında yerləşir. Burada emalatxanalarda toxunan bütün xalçalar ilk olaraq emala, oradan da satış mərkəzinə göndərilir. Xalçaları almaq istəyən şəxslər satış mərkəzinə müraciət edə bilərlər”.

“Azərxalça”nın istehsal etdiyi xalçaların qiyməti neçəyədir?








©Oxu.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan