Aviaşirkətlər bu il 300 milyard dollardan çox zərər edəcək

Ötən il əksər iqtisadi sahələri çökdürən koronavirus pandemiyası təkcə hava yolu şirkətlərinə 371 milyard dollar zərər verib.

İndex.az xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) sentyabrın əvvəlində yenilənən son hesabatında qeyd olunur.

Karantinə və səyahət qadağalarına görə, 2020-ci ildə 2019-cu illə müqayisədə 60% və ya 2,7 milyard nəfər daha az sərnişin daşınıb. ICAO-nun son hesablamalarına görə, cari ildəki sərnişin sayı da 2019-cu ildən ən azı 800 milyon nəfər (yaxud, - 32%) aşağı olacaq. 2021-ci ildə aviaşirkətlərin zərəri isə 310-320 milyard dollar ətrafında dəyişəcək.

Yaranmış vəziyyətdə əksər iri hava yolu şirkətləri xilas yolunu kütləvi borclanmada və səhmdarlardan əlavə vəsait cəlb etməkdə görür. Yaponiyanın və Asiyanın ən iri aviakompaniyalarından olan Japan Airlines əlavə 300 milyard yen (2,7 milyard dollar) borclanmaya gedir. Şirkət ötən il zərərin bir hissəsini qarşılamaq üçün səhmlərindən 1,8 milyard dollarlıq hissə satmışdı.

Daha bir şirkət - Britaniyanın ucuzqiymətli hava yolları easyJet isə bir sıra banklarla 400 milyon dollar həcmində kredit barədə razılığa gəlib. Həmçinin, şirkət 1,2 milyard funt (1,7 milyard dollar) dəyərində səhm satmağı planlaşdırır.

Xatırladaq ki, ötən il easyJet 25 illik tarixində ilk dəfə olaraq 2,75 milyard dollar zərər edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan