Məktəbli formalarının alışında artım varmı?

Bir neçə gün əvvəl təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirdiyi brifinqdə 22 sentyabr tarixindən l-IV siniflər, 29 sentyabr tarixindən V-XI siniflər üçün əyani tədrisin başlanacağını qeyd edib.

Açıqlanan qərardan sonra məktəbli formalarının alışında dəyişiklik varmı?

Məsələ barədə Bakı Tikiş Evi ilə əlaqə saxladıq.

Müəssisənin satış şöbəsinin müdiri Etibar Əzimov Oxu.Az-a bildirib ki, məktəblərin açılması ilə bağlı qərar verilsə də, məktəbli formalarının satışında heç bir artım yoxdur:

“Qərar yeni verilib. Hələlik heç bir artım yoxdur. Gözləyən də var, alan da var. Bəlkə bundan sonra formaların satılması ilə bağlı artım olar”.

E.Əzimov qeyd edib ki, 2017-ci ildən bəri məktəbli formalarının qiymətində heç bir dəyişiklik yoxdur:

“I-VI siniflər üçün formalar 40 manat, VII-XI siniflər üçün formalar 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır. Eyni zamanda, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manat təşkil edir”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan