Bank işçisi adı ilə vətəndaşları aldadırlar - XƏBƏRDARLIQ

Son vaxtlar pulu oğurlanan, dələduzlar tərəfindən aldadılan insanların sayı xeyli çoxalıb.

Kimisi telefona gələn müxtəlif mesajlardan, kimisi də özünü bank işçisi kimi təqdim edənlərdən şikayətlənir.

İndex.az xəbər verir ki, elə Baku TV-nin qaynar xəttinə gələn zəng də bununla bağlı olub. Şikayətçi tanımadığı bir şəxsin ona zəng edib, özünü “Kapital Bank”ın işçisi kimi təqdim etdiyini və ondan bank kartının məlumatlarını istədiyini deyir. Sübut isə qeydə aldığı səs yazısıdır. Özünü bank işçisi kimi qələmə verən bu dələduzla əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.

Banklar artıq bu dələduzlarla bağlı müştərilərinə xəbərdarlıq mesajları göndərir. Daxili İşlər Nazirliyi isə insanları daha diqqətli olmağa, bu cür dələduzlara, naməlum zənglərə, mənbəyi olmayan mesajlara inanmamağa çağırır.

Nazirlikdən verilən məlumata görə, son dövrlər internet ticarətində dələduzluq halları artıb.

Fırıldaqçılar vətəndaşların bank kartlarındakı məlumatları - kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi və təsdiq kodunu əldə etməyə çalışırlar. Həmin məlumatları topladıqdan sonra isə kart sahiblərinin xəbərləri belə olmadan hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Polis insanlara kibercinayətkarlıqla üzləşdikləri təqdirdə dərhal DİN-in “102” Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan