Deputat: "Cərimələr ləğv olunsun"

Ötən gün Gürcüstan Parlamenti karantin qaydalarının pozulmasına görə tətbiq edilmiş və ödənməmiş cərimələrin əfv edilməsini nəzərdə tutan qanun layihəsini sonuncu oxunuşda qəbul edib.

İndex.az xəbər verir ki, Parlamentin iclasında səsə qoyulan qanun layihəsinin lehinə 88 deputat səs verib.

Rəsmi məlumata görə, qanun yalnız 2021-ci ilin 23 iyun tarixin qədər yazılan cərimələrin silinməsini nəzərdə tutur.

Güzəştlərin 245 min vətəndaşı və 344 hüquqi şəxsi əhatə edəcəyi, nəticədə 76 milyon lari (24 milyon ABŞ dolları) məbləğində cərimələrin silinəcəyi bildirilir.

Gürcüstanla yanaşı, Azərbaycanda da dəfələrlə karantin cərimələrinin ləğv olunması təklif edilib. Elə bu yaxınlarda Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında cərimələrin silinməsi təşəbbüsünü irəli sürüb:

“Pandemiyanın şərtləri, yaratdığı çətinlik getdikcə ağırlaşır. İnsanları daha çıxılmaz vəziyyətə salmağımız düzgün deyil. Hesab edirəm ki, həmin cərimələrin bağışlanması mümkündür”.

Deputatın təklifinə Daxili İşlər Nazirliyindən reaksiya verilib. Qurumun Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, “Epidemiya, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə tətbiq edilən cərimələrin silinməsi, yaxud bağışlanılması DİN-in səlahiyyətində olan məsələ deyil.

Bundan əlavə, nazirlik rəsmisi xatırladıb ki, karantin rejimi əleyhinə qaydaların pozulmasına görə cərimələnən və həmin cəriməni ödəməyənlər axtarışa veriləcək.

Bu məqamda sual olunur: Qonşu Gürcüstan cərimələri ləğv edirsə, bizdə necə olacaq?

Milli Məclisin deputatı Vahid Əhməd Modern.az-a açıqlamasında cərimələrin bağışlanmasını istədiyini söyləyib.

“Çalışmaq lazımdır ki, cərimələr olmasın. Cərimələrlə bağlı qərarı ləğv etmək ciddi problem deyil. Düşünürəm ki, cərimələrlə əlaqədar problemlər böyükdür. Cərimələrin ləğv olunmasının tərəfdarıyam və Azərbaycanın bunun üçün yetəri qədər imkanları, valyutası var. Ancaq elə cərimələr də var ki, onları ləğv etmək olmaz, çünki cərimə birbaşa həmin şəxsin fəaliyyəti ilə bağlıdır”, - deyə deputat vurğulayıb.


Bizi Facebook-da izləyin: INdexAzerbaijan