Bu ölkədə dördgünlük iş həftəsi tətbiq olundu

Şotlandiya hökuməti dördgünlük iş həftəsi tətbiq etdiyini elan edib.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“The Scotsman” nəşrinin verdiyi məlumata görə, yeni rejim 6 sentyabrdan etibarən qüvvəyə minib. Təcrübədə iştirak edən şirkətlərə 10 milyon funt sterlinq ödəniləcək. Hökumət israr edir: iş həftəsinin qısalmasına baxmayaraq, əməkhaqqı əvvəlki səviyyədə qalacaq.

Nəşr aydınlaşdırır ki, daha əvvəl Şotlandiya Milli Partiyası seçki proqramında işçiləri dördgünlük iş rejiminə keçirməyi vəd edib. Ölkənin əmək qabiliyyətli vətəndaşlarının demək olar ki, 90%-i islahatı dəstəkləyib.

“Pilot layihə gələcəkdə planlaşdırılan ümummilli keçidin mümkün nəticələrini daha yaxşı anlamağa kömək edəcək”, – deyə hökumət qeyd edib.

Daha əvvəl İspaniya, Yeni Zelandiya, Yaponiya və İslandiya dördgünlük iş həftəsinə keçib. Hökumət bu tədbirin əmək məhsuldarlığının artmasına kömək etdiyini və işçilərin xəstəlik məzuniyyəti sayını azaltdığını qeyd edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan