Maliyyə Nazirliyi 8 ayda 1,3 milyard manata yaxın borc alıb

2021-ci ilin 8 ayında (yanvar-avqust) Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 270 milyon 417 min 573 manat cəlb edib. Bu da 2021-ci il üzrə 1,3 milyard manat olaraq təsdiq edilmiş daxili borclanma üzrə yuxarı həddə yaxındır.

İndex.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə cəlb edilən vəsaitin məbləği 2,1 dəfə artıb. 2020-ci ilin yanvar-avqust dövründə 607 milyon 808 min manatlıq dövlət istiqrazları yerləşdirilmişdi. Maliyyə Nazirliyi xarici borclarını daxili borclar ilə əvəzləməyə çalışır.


Dövlət istiqrazları ilə təkrar bazarın həcmi isə ötən ilin 8 ayındakı 333 milyon 207 min 355 manatdan cari ilin 8 ayında 670 milyon 937 min 581 manata yüksəlib (2 dəfə artıb).

"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunda 2021-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard 200 milyon manat təsdiq edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 1 milyard manat məbləğində təsdiq edilib.

2021-ci ildə dövlətin daxili və xarici borclarına xidmətlərlə bağlı xərcləri - daxili dövlət borcu üzrə 167 milyon 87 min manat (o cümlədən 160 milyon 76 min manatı faiz ödənişləri), xarici dövlət borcu üzrə 2 milyard 31 milyon 668 min manat (o cümlədən 466 milyon 269 min 539 manatı faiz ödənişləri) nəzərdə tutulub.




Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan