Ötən aykı istilərə görə elektrik enerjisinin istifadəsində rekord qeydə alınıb

"Azərişıq” ASC-nin xidmət göstərdiyi ərazilər üzrə avqust ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.

İndex.az xəbər verir ki, "Azərişıq”dan verilən məlumata görə, ötən ay havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olub.

Məlumata görə, bu ilin avqust ayı ərzində enerji göstəricisinə tələbat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVts artıb. Avqust ayının 10-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 72,2 milyon kVts qeydə alınmışdır ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. Avqust ayında ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 500 milyon kVts-dır.

“Azərişıq” ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq.

“Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər”, - deyə “Azərişıq” ASC-dən bildirilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan