Azərbaycan Ukraynaya 170 milyon dollar investisiya qoyub

Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynaya 170,5 milyon ABŞ dolları məbləğində birbaşa investisiya qoyub.

İndex.az xəbər verir ki, bu barədə “Report”un Şərqi Avropa bürosuna “Терези” Ukrayna-Azərbaycan Biznes Assosiyasiyasından məxsusi açıqlama verilib.

Ukrayna İqtisadiyyat nazirinin müavini İrina Novikovanın Assosiasiya rəhbəri Cəlal Hüseynovun məktubuna rəsmi cavabında bildirilir ki, bu göstərici, 2020-ci ilin sonu ilə müqayisədə 0,5% çox, 2019-cu ilin sonu ilə müqayisədə isə 12,2% azdır.

Ümumiyyətlə, Azərbaycan son bir neçə il ərzində Ukraynaya, təxminən, 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub, Azərbaycanda 215 şirkətinin fəaliyyət göstərdiyi Ukrayna isə ölkəmizə cəmi 25 milyon ABŞ dolları sərmayə yatırıb.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında xarici ticarət dövriyyəsi 466,943 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 10% azdır. Bunun 210,379 milyon ABŞ dolları ixracın, 256,563 milyon ABŞ dolları isə idxalın payına düşüb. Hesabat dövründə ixrac 22,9% az, idxal isə 4,3% artıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan