"YouTube"un ödənişli abunəçi sayı 50 milyona çatıb

Dünyanın ən iri video platforması olan YouTube ödənişli xidmətlərin həcmini genişləndirir.

İndex.az xəbər verir ki, YouTube-un aylıq ödənişli abunəçilərinin sayı 50 milyona çatıb. Ötən ilin oktyabrında bu rəqəm 30 milyon idi. Bununla, YouTube həm də ciddi analitiklərin proqnozunu alt-üst edib.

Morgan Stanley ekspertləri 2018-ci ilin mayında Google tərəfindən istifadəyə verilən YouTube-un musiqi yayım xidmətinin yalnız 2022-ci ildə 22 milyon ödənişli abunəçiyə malik olacağını proqnozlaşdırırdı. Lakin Google tərəfindən aparlan uğurlu reklam kampaniyası və pandemiya YouTube-a qısa vaxtda nəticə qazandırıb.

Hazırda YouTube ödənişli abunəçilərinə 2 paket təklif edir: aylıq 10 dollara YouTube Music və ayda 12 dollarlıq genişləndirilmiş videoxidmətlərlə YouTube Premium.

Müqayisə üçün bildirək ki, 2008-ci ildə istifadəyə verilən Spotify-ın ödənişli abunəçi sayı 165 milyondur. Apple Music-in (2015) 78 milyon, Amazonun musiqi xidmətinin (Amazon Music Unlimited, 2016) isə 63 milyon abunəçisi var.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan