Türkiyə Azərbaycan qazının idxalını 10% azaldıb

Bu ilin yanvar-iyun aylarında Türkiyə Azərbaycandan 4 878,45 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 10,4% azdır.

İndex.az Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən xəbər verir ki, Türkiyə 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 5 444,99 mln. kubmetr qaz idxal edib.

Cari ilin iyun ayında Türkiyə Azərbaycandan 522,56 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 43,05% azdır. İyun ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddəti başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) hələ yeni müqavilə bağlanmayıb.

Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan