Microsoft 6 ildən sonra Windows 11-i istifadəyə verir

ABŞ texnologiya nəhəngi Microsoft 6 ildən sonra əsas əməliyyat sistemi Windows-un yeni versiyasını istifadəyə verir.

İndex.az xəbər verir ki, şirkət dünənki açıqlamasında kompüterlər üçün Windows 11-in bu il oktyabrın 5-dən geniş kütlə üçün təqdim olunacağını bildirib.

Windows 11 dəyirmi ekran və tətbiqi proqram simvollarının Tapşırıqlar Panelinin (Taskbar) tam mərkəzində yerləşməsi ilə yeni görünüşə, həmçinin xüsusi səs effektlərinə malik olacaq.

Ekranda eyni zamanda bir neçə tətbiqi proqramla işləmək daha rahat olacaq. Microsoft Start menyusunu, tətbiqi proqramlar maqazinini (appstore) və Sazlamalar (Settings) proqramını da tamamilə yenidən dizayn edib.

Xatırladaq ki, bu, Microsoftun Windows əməliyyat sisteminin 2 versiyası arasında ən uzun əvəzləmə müddətidir (6 il). İlk dəfə 1985-ci ildə buraxılan Windows-un əvvəlki versiyası - 2015-ci ildə istifadəyə verilən Windows 10 aylıq 1,3 milyard aktiv istifadəçi ilə dünyada ən məşhur kompüter əməliyyat sistemidir. Microsoft təkcə son rübdə Windows-dan 6,6 milyard dollar gəlir əldə edib.

Windows 10-dan 2025-ci ilə qədər istifadə etmək mümkün olacaq. Sonrakı dövrdə istifadəçilər bəzi kompüterlərdə (Dell XPS 13, HP Spectre 360, Lenovo Yoga Slim 7i Pro və s.) Windows 11-i yükləyə biləcək. Yeni versiyanı dəstəkləməyən kompüterləri ilə dəyişməli olacaqsınız...

Bizi Facebook-da izləyin: INdexAzerbaijan