Qeyri-neft ixracı bu il 30%-dən çox artıb

Bu ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 11,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,4 mlrd. dollar təşkil edib.

İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 mln. dollar və ya 30,5% artıb.

Məlumata görə, bu ilin 7 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 mln. dollar ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 42% artım qeydə alınıb.

Cari ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (133,8 mln. dollar) birinci olub. Bu siyahıda pomidor (128,2 mln. dollar) ikinci, qızıl (116,9 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.

Qeyd olunur ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana 94 milyon və ABŞ-a 33,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

"Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə ixrac 2,6 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7% təşkil etməklə 192 mln. dollar olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 80,1% artaraq 149 mln. dollar təşkil edib", - məlumatda qeyd olunur.

2021-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (49,9 mln. dollar) və Gürcüstan üçüncü (13,9 mln. dollar) olub.

Bu ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilkin formalı polipropilen (15 mln. dollar) birinci, azot gübrələr (12,7 mln. dollar) ikinci və şaftalı (12,2 mln. dollar) üçüncü olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan