"Bakı Sığorta"nın zərəri 1 milyon manatı ötdü

“Bakı Sığorta” 2021-ci ilin 1-ci yarımilliyini 1 milyon 26 min manat zərərlə başa vurub.

Index.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin 6 ayında “Bakı Sığorta”nın gəlirləri 965 min manat, xərcləri 1 milyon 990 min manat təşkil edib.

2021-ci ilin iyulun 1-nə “Bakı Sığorta”nın aktivləri 12 milyon 548 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1.8 dəfə artaraq 3 milyon 963 min manata, balans kapitalı isə 11% azalaraq 8 milyon 585 min manat olub.

“Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır.

2021-ci ilin mayın 27-də açıqlanan məlumata əsasən, şirkətin səhmlərinin 9.38%-nə nəzarət edən "Subaru Azərbaycan" MMC payını digər 9.38%-lik səhmdar - "Toyota Abşeron Center” MMC-yə satıb. "Toyota Abşeron Center” digər 9.38%-lik səhmdar - "Yeni Motor" MMC-dən də 1% pay alıb və payını 19,76%-ə çatdırıb.

Bundan başqa, 2019-cu ilə qədər "Bakı Sığorta"nın səhmdarı olmuş "Diamond Motors" MMC də "Yeni Motor"dan 1.54% pay alaraq yenidən şirkətin payçıları siyahısına qoşulub. Son nəticədə "Yeni Motor"un payı 6.84%-ə düşüb.

"Bakı Sığorta"nın səhmlərinin qalan hissəsi yenə də "Bank Respublika" ASC-yə (51.29%), Murad Rəhimova (6.97%), Behbud Nəcəfova (6.93%) və “Ekolizinq” MMC-yə (6.68%) məxsusdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan