İtaliyanın ən iri aviaşirkəti müflis oldu

İtaliyanın ən iri aviaşirkəti, bayraq daşıyıcısı, 1946-cı ildə yaradılmış Alitalia (Societa Aera Italiana) fəaliyyətini birdəfəlik dayandırır.

İndex.az xəbər verir ki, uzun illər zərərlə işləyən şirkət oktyabrın 15-dən sonra ləğv ediləcək.

75 yaşlı Alitalia-nın əsas uçuş bazası Roma şəhərinin “Leonardo da Vinçi” hava limanıdır. Ötən əsrin 50-ci illərinin ortalarında Avropanın ən iri aviaşirkətlərindən olan Alitalia uzun müddət uçuş heyətinin geyimlərini və təyyarələrin interyerinin dizaynını İtaliyanın ən iri moda şirkətlərinə, o cümlədən Giorgio Armani-yə sifariş verib.

Roma Papasının da rəsmi səyahət tərəfdaşı olan Alitalia son 30 ildə İtaliya hökumətinin milyardlarla avro dəstək verməsinə baxmayaraq, uzun müddət zərərlə işləyib. 2009-2018-ci illərdə cəmi 2 milyard avroya (2,4 milyard dollar) yaxın zərər edən şirkət 2017-ci ildə özünü müflis elan edib.

İtaliya hökuməti Alitalia-nın satılması ilə əlaqədar bir neçə aviaşirkətlə uğursuz danışıqlardan sonra ötən ilin martında şirkəti tam dövlət mülkiyyətinə keçirib. Hökumət nəhayət, pandemiya nəticəsində daha ciddi zərbə alan Alitalia-nın ləğv olunmasına və  ITA (Italia Trasporte Aereo) şirkətinin yaradılmasına qərar verib.

Alitalia artıq son biletlərini satır və müştərilərinə oktyabrın 15-dən sonrakı uçuşlarla bağlı ITA ilə əlaqə saxlamağı tövsiyə edir.



Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan