“Azərtütün ASK”nin nizamnamə kapitalı azaldılıb

Azərbaycan Sənaye Korporasiyasının kurasiyasında olan iri şirkətin nizamnamə kapitalı azaldılıb.

İndex.az xəbər verir ki, bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

ASK-nin tərkibində olan “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin nizamnamə kapitalı 359 362 manat, yaxud 1.62% azaldılıb.

Beləliklə, “Azərtütün ASK”nin nizamnamə kapitalı 21 897 336 manata düşmüşdür.

“Azərtütün ASK” MMC Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanına uyğun olaraq, “İntertobacco” MMC-nin əmlakları “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə götürülmüş və 25 may 2018-ci il tarixdən “Azərtütün ASK” MMC qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.

“Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik 4 ədəd Tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə bir Tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “De Cloet”, emal zavodunun avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır.

Ümumilikdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri vardır, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan