6 bankın xüsusi ehtiyatlara ayırmaları artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısında xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

İndex.az xəbər verir ki, bunlar “PAŞA Bank”, “Bank Avrasiya”, “Naxçıvan Bank”, “Zıraat Bank Azərbaycan” və “Turan Bank” ASC-lər, eləcə də İran Milli Bankınımn Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (4,1 dəfə), ən aşağı dinamika isə “Turan Bank”da (21,9%) qeydə alınıb.

6 bankın – “Rabitəbank”, “Xalq Bank”, “Günay Bank”, “Muğan Bank” ASC-lərin, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Access Bank”da (83,1%), ən az azalma isə “Rabitəbank”da (2,8%) qeydə alınıb.

2 bankın – “Premium Bank” ASC-nin və Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 51,5% və 6 dəfə artıb, 2 bankın – “Bank VTB Azərbaycan” və “Express Bank” ASC-lərin isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 51% və 92,6% azalıb.

4 bank – “Kapital Bank”, “Unibank”, “Azərbaycan Beynəlxalq Bankı” və “Azərbaycan Sənaye Bankı” ASC-lər bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlara üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 6 bank – “Azər-Türk Bank”, “Bank BTB”, “Bank of Baku”, “Bank Respublika”, “AFB Bank” və “Yelo Bank” ASC-lər isə bu ilin I yarısında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.

10 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin I yarısında xüsusi ehtiyatlara vəsait ayırmayıb.

Bunlar “Express Bank”, “Azər-Türk Bank”, “Bank BTB”, “Bank VTB Azərbaycan”, “Bank of Baku”, “Bank Respublika”, “AFB Bank”, “Premium Bank” və “Yelo Bank” ASC-lər, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.

Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Yelo Bank”da (8,05 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (12 min manat) qeydə alınıb.

Qalan 16 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Ayırmaların ən yüksək həddi “Kapital Bank” ASC-də (53,523 milyon manat), ən aşağı həddi isə “Muğan Bank”da (212 min manat) qeydə alınıb.




Renkinq

Bizi Facebook-da izləyin: INdexAzerbaijan