“Opel” yeniyetmələrin idarə edə biləcəyi elektromobil təqdim edib – FOTO

“Opel” şirkəti Almaniyada moped idarə etmək hüququ olan 15 yaşdan yuxarı yeniyetmələr üçün “Rocks-e” elektromobilini təqdim edib.

İndex.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, skuterlə adi avtomobillər arasında yer alacaq bu model 2022-ci ildən satışa çıxarılacaq.


Elektromobilin uzunluğu – 2.41 m, eni – 1.39 m, çəkisi – 471 kq təşkil edir. Kompakt elektrik mühərrik 45 km/s sürətlənməyə imkan verir. Elektromobilin yaradıcıları onun bir şarjla 75 km məsafə qət etdiyini vəd edir.

“Rocks-e” sürət, sürmə rejimi, batareyanın tutumu və qət edilən məsafəni göstərən displey ilə təchiz edilib. Avtomobilin qiyməti hələ açıqlanmayıb.

Qeyd edək ki, “Rocks-e” elektromobilinə bənzəyən “Citroen Ami” Fransada 7 min avro qiymətinə satılır. “Bloomberg” analitiklərinin fikrincə, gələcəkdə elektromobillər istehlakçılar üçün benzin mühərrikli avtomobillərlə müqayisədə daha ucuz başa gələcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan