“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 48% artıb

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 2020-ci ili 7,396 milyon manat xalis mənfəətlə başa vurub.

İndex.az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 48,1% çoxdur.

Ötən il “Gəncə Avtomobil Zavodu”nun əsas əməliyyat gəliri 98,935 milyon manat (əvvəlki illə müqayisədə 89,7% çox), sair əməliyyat gəlirləri 863 min manat (əvvəlki il min manat olub), satışın maya dəyəri 86,952 milyon manat (2 dəfə çox), kommersiya xərcləri 1,311 milyon manat (61,5% çox), inzibati xərclər 2,352 milyon manat (11,2% çox), sair əməliyyat xərcləri 596 min manat (7,8% çox), mənfəət vergisi ödəmələri isə 1,849 milyon manat (48,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Gəncə Avtomobil Zavodu”nun aktivləri 81,206 milyon manat olub ki, bu da illik müqayisədə 2,4% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9,7% azalaraq 51,117 milyon manata, balans kapitalı isə 32,6% artaraq 30,09 milyon manata çatıb.

Xatırladaq ki, 1986-cı ildə əsası qoyulmuş “Gəncə Avtomobil Zavodu”nun istehsal gücü layihəyə əsasən 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlanmalı olsa da, Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında “Gəncə Avtomobil Zavodu” işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan