"Facebook" "Instagram" və "Whatsapp"ı itirə bilər

Dünyanın ən böyük sosial şəbəkəsi, ABŞ-ın texnologiya nəhəngi Facebook biznesinin böyük bir hissəsini itirmək riski ilə üzləşib.

İndex.az xəbər verir ki, Federal Ticarət Komissiyası ötən ilin dekabrında şirkətə qarşı qaldırdığı, lakin məhkəmənin rədd etdiyi iddiasını yeniləyib.

80 səhifəlik iddia ərizəsində Facebook-a qarşı irəli sürülən əsas ittihamlar “şirkətin bazardakı inhisarçı mövqeyindən istifadə edərək, potensial rəqiblərin inkişafına imkan verməməsi, onlara qarşı “satın al, yaxud dəfn et” yanaşmasını tətbiq etməsi, iri miqyaslı istifadəçi bazasına əsaslanaraq, digər innovativ şəbəkələrin daha təkmilləşmiş texnologiyalara çıxışını əngəlləməsi”dir.

İddia ərizəsində həmçinin, Facebook-un 2012-ci ildə 1 milyard dollara aldığı Instagram və 2014-cü ildə 19 milyard dollara öz mülkiyyətinə çevirdiyi Whatsapp sosial şəbəkələrinin də antiinhisar qanunvericiliyini pozaraq əldə edildiyi bildirilir və məhkəmədən həmin bizneslərin Facebook-dan ayrılması barədə qərar çıxarılması istənilir.

Facebook özünün Twitter hesabında “Federal Ticarət Komissiyasının bu əsassız iddiaları yenidən gündəmə gətirdiyindən təəssüfləndiyini” bildirib. “Biz hər gün insanların vaxtını və diqqətini qazanmaq üçün mübarizə aparırıq və şirkətimizi yorulmadan müdafiə etməyə davam edəcəyik.” - açıqlamanın davamında qeyd olunub.



Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan